28 fevral 2013 12:07
Kaxaber Sxadadze mətbuat konfransına buraxılmadı
Ötən gün futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Bakı” – “İnter” matçından (1:1) sonra maraqlı olay yaşanıb. Azerisport.az xəbər verir ki, PFL-in təhlükəsizlik xidmətinin iki əməkdaşı qonaqların baş məşqçisi Kaxaber Sxadadzeni oyun sonrası təşkil olunan mətbuat konfransına buraxmaq istəməyiblər.
Qeyd edək ki, bu “sekuriti”lər adətən mətbuat konfranslarına yalnız PFL-də qeydiyyatdan keçmiş jurnalistlərin buraxılmasına nəzarət edirlər. Amma bu oyundan sonra onlar öncə klubların bu konfransların təşkili ilə məşğul olan əməkdaşlarını içəri buraxmaq istəmədilər. Ardından isə daha da qabağa gedərək, “bankirlər”in gürcüstanlı çalışdırıcısı Sxadadzeyə yol vermədilər. Lakin jurnalistlər PFL əməkdaşlarına başa saldılar ki, o, məşqçidi və mətbuat konfransı onsuz baş tuta bilməz.
