1 mart 2013 17:58
Rəvan Bakı ilə oyunun hazırlıqlarına başladı (FOTOLAR)
"Rəvan” Topaz Premyer Liqasının təsnifat mərhələsinin sonuncu – XXII tur matçına hazırlıqlara start verib. Azerisport.az xəbər verir ki, “aslanlar” "Xəzər Lənkəran”a qarşı keçirdiyi ölkə kubokunun ilk 1/4 final oyunundan sonra artıq diqqəti "Bakı” ilə görüşə yönəldib.
Kubok oyunundan sonrakı günü istirahət edən komanda üzvləri bu gündən çalışmalara başlayıb. Ənənəvi olaraq "Bayıl Arena”da baş tutan hazırlıqda futbolçular isinmə hərəkətləri yerinə yetirdikdən sonra "kvadratlar” üzərində çalışıb, meydanın yarı hissəsində ikitərəfli mini-oyunda qüvvələrini sınayıblar. Məşqi qapıya zərbələr üzərində işləməklə bitirən komandada zədə ilə bağlı ciddi problem yoxdur. "Bakı” ilə oyunda Miloş Adamoviç cəzalı olduğuna görə oynaya bilməyəcək. Əvəzində Samuel Barlay və Nuran Qurbanovun cəzaları bitib və baş məşqçi Ramil Əliyev bu futbolçuların xidmətindən yararlana biləcək.
Onu da əlavə edək ki, XXII turun "Bakı” – "Rəvan” oyunun martın 3-də rəqibin təlim-məşq bazasının stadionunda keçiriləcək. Görüş 15:00-da başlayacaq. Matç "İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
