1 mart 2013 14:10
Qarabağ İnterlə oyun öncəsi ciddi itkilərlə üzləşdi
“Qarabağ” Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində martın 3-də “İnter”ə qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu prinsipial görüş öncəsi iki aparıcı futbolçusunun xidmətindən məhrum olub.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, bunlardan biri Ansi Aqollidi. Albaniya yığmasının müdafiəçisi sarı vərəqə limitini aşdığı üçün “İnter”lə görüşü buraxacaq. Digər itki isə Riçard Almeyda ilə bağlıdı. Braziliyalı futbolçu zədədən əziyyət çəkir. Bu üzdən onun da qarşıdakı oyunda iştirakı inandırıcı görünmür. “Qarabağ”ın yeni transferi Emeka Opara da hələlik hazır durumda olmadığı üçün “İnter”lə görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, “Qarabağ”ın “İnter”lə oyunu martın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 17:00-da start götürəcək.
