4 mart 2013 11:37
Goergi Nikolov: Qarabağ baş verənlərə görə üzr istəməlidi
Məlum olduğu kimi, Topaz Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “İnter” matçının final fitindən dərhal sonra iki komandanın futbolçuları arasında dava düşdü. Azerisport.az xəbər verir ki, polis işçiləri və klub rəsmilərinin səyi nəticəsində davanın daha da böyüməsinə imkan verilməsə də, hər halda ortalıqda böyük bir narazılıq var.
Bununla əlaqədar olaraq, biz də tərəflərin münasibətini öyrənmək qərarına gəldik. Öncə “İnter”in prezidenti Georgi Nikolovu dinləyək: “Ötən gün Bolqarıstanda milli bayram var idi. Bununla əlaqədar bir tədbir keçirilirdi ki, təşkilati işlərə mən cavabdeh idim. Buna baxmayaraq, oyunda baş verənlər haqda mənə danışıblar. Düzünü deyim ki, bu, mənim üçün sürpriz oldu. Çünki “Qarabağ”da mədəni, ədəbli uşaqlar cəmləşiblər. Mən anlaya bilmirəm ki, onlar necə başqasının paltardəyişmə otağına girib, orda dava-dalaş sala bilirlər. Bu, mənim üçün anlaşılmaz qalır”.
Nikolovun sözlərinə görə, bu qalmaqalda ən çox ziyan çəkəm “İnter”in iki futbolçusu olub – Fuad Bayramovla Robertinyo. Qeyd edək ki, elə hər şey də Robertinyo ilə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov arasında meydanda baş verən kiçik narazılıqdan sonra başlamışdı. Dava-dalaş zamanı isə Sadıqovun qardaşı ilə “Qarabağ”ın sürücüsü polis bölməsinə aparılmışdı.
“Fikrimcə, futbolçular hüquq-mühafizə orqanlarına yazılı şəkildə müraciət etməlidilər. “Qarabağ” rəhbərliyi isə baş verənlərə görə üzr istəməlidi. Onların kişi kimi layiqli bir mövqe ortaya qoyacağını düşünürəm. PFL-dən də reaksiya gözləyirəm. Axı bu iki klub arasında həmişə gözəl münasibət olub. Eyni zamanda onları da qarşıda “Şəfa”da oyun gözləyir. Amma buna görə narahat olmaya bilərlər: biz buna görə onlara oxşar hərəkətlərlə cavab verməyə hazırlaşmırıq”.
“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl isə bunları söylədi: “Dünən ciddi heç nə baş verməyib. Orda çoxlu polis vardı və onlar öz işlərinin öhdəsindən layiqincə gəldilər. Onların sayı futbolçulardan da çox idi. Ona görə də ciddi nəsə baş verə də bilməzdi. Bizim “İnter” rəhbərliyi ilə yaxşı münasibətimiz var. Lazım olacaq, Georgi Nikolova zəng edəcəyik. Bu, bizim üçün problem deyil. Yenə də təkrar edirəm: əsas odu ki, ciddi heç nə baş verməyib. Sadəcə, futbolçular bir qədər emosiyalarına sahib çıxa bilmədilər”.
