4 mart 2013 15:16
Azərbaycan yığmasının hücumçu viza probleminə görə Şotlandiya klubuna keçə bilmədi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Murad Hüseynov karyerasını Şotlandiyanın “Dundee” klubunda davam etdirməyə yaxın olsa da, bu istəyinə çata bilməyib. Azerisport.az saytına müsahibəsində bunu “Qəbələ” və “Sumqayıt”ın sabiq üzvü özü bəyan edib.
Şotlandiya təmsilçisi yığmamızın üzvünü heyətində qatmaqda maraqlı imiş. Lakin fevralın 5-də bu klubdan rəsmi dəvət almasına baxmayaraq, o, Britaniyada özü üçün işçi vizası açdıra bilməyib:
“Mən bütün lazım olan sənədlərimi Böyük Britaniya səfirliyinə təqdim etmişdim. Fevralın 7-də qənaətbəxş cavab almayınca, ayın 11-də yenidən eyni qaydada bu quruma müraciət etdim. Ayın 14-də yenə onlardan imtina cavabı aldım”.
“Mən bütün lazım olan sənədlərimi Böyük Britaniya səfirliyinə təqdim etmişdim. Fevralın 7-də qənaətbəxş cavab almayınca, ayın 11-də yenidən eyni qaydada bu quruma müraciət etdim. Ayın 14-də yenə onlardan imtina cavabı aldım”.
Hüseynov artıq bir ayını bu məsələ ilə əlaqədar boşa versə də, hələ də lazım olan vizanı açdıra bilməyib: “Səfirlikdə sadəcə mənim ora nə üçün getməyimə inanmırdılar. Halbuki, heç vaxt oxşar problemlərlə üzləşməmişdim. Hətta Britaniyaya gedib-gəlmək üçün vizam da var idi. Sadəcə, həmin vizanın müddəti ötən ilin sonunda başa çatdı. Hətta “Dundee” klubundan və AFFA-dan gələn məktubların da xeyri olmadı. Şotlandiya klubu hətta buna görə bütün xərcləri öz üzərinə götürmüşdü”.
“Düzünü deyim ki, Azərbaycan futboluna bu cür münasibətə görə çox məyus oldum. Ən çox da ona görə məyusam ki, Azərbaycanı Şotlandiya Premyer Liqasında təmsil edə bilməyəcəm. Mən azərbaycanlı futbolçular üçün heç də hər gün ələ düşməyən bir şansı buraxdım. Şotlandiyada oynamağı çox istəyirdim. Bu klubla danışıq apardığıma görə digər bütün təkliflərdən də imtina etdim. Nəticədə də indi azad agentəm. Bundan sonra digər variantları nəzərdən keçirməyə məcburam”.
