5 mart 2013 19:05
Kalonas milliyə dəvət aldı
"Rəvan” futbol klubunun qış "transfer pəncərəsi”ndə heyətinə qatdığı futbolçular arasında Mindauqas Kalonas xüsusi seçilir. Azerisport.az xəbər verir ki, litvalı hücumameyilli yarımmüdafiəçi komandanın heyətində keçirdiyi ilk 3 oyununda 3 qol vurmaqla dərhal diqqətləri üzərinə çəkə bilmişdi.
Düzdü, "Xəzər Lənkəran”la ölkə kubokunun ilk 1/4 final matçında və Topaz Premyer Liqasının təsnifat mərhələsinin "Bakı” ilə son tur görüşündə o, fərqlənə, adını tabloya yazdıra bilməyib. Bununla belə, Kalonasın səviyyəsi ortadadı.
"Rəvan”ın Premyer Liqada ilk 3 oyununun hamısında qol vurmuş ilk futbolçusu kimi tarixə düşən, ardıcıl qollu oyunlar sayında ötən mövsümün son 3 matçında "Kəpəz”, "Simurq” və "Sumqayıt”ı məyus etmiş serbiyalı Nemanya Vidakoviçlə şərikli lider olan Mindauqas artıq Litva millisinin məşqçilər korpusunun da diqqətini çəkə bilib. Belə olmasaydı, fevralın 28-də 29 yaşını qeyd etmiş xavbek təxminən 2,5 illik fasilədən sonra milliyə dəvət almazdı.
İndi o, Litva millisinin macar çalışdırıcısı Çaba Laslonun etimadını doğrultmaq üçün əlinə düşən şansdan maksimum yararlanmalıdı. Qeyd edək ki, litvalılar martın 22-də 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində Jilinada Slovakiya millisinin qonağı olacaq. Bundan 4 gün sonra isə Baltikyanı ölkənin yığma komandası Tiranada Albaniya milli komandasına qarşı beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
