5 mart 2013 13:34
Akif İsmayılov: Qarabağ sərt qərarlar qəbul etməlidi
Bu gün AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının 22-ci turunun “Qarabağ” – “İnter” matçından sonrakı münaqişə ilə bağlı qərarını açıqlayacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunun təhlükəsizliyi lazımı səviyyədə təşkil etməməsinə görə cəzalandırılması gözlənilir.
Biz isə həmin oyunda baş verənlərə oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika stadiounun direktoru Akif İsmayılovun münasibətini öyrənməyə çalışdıq: “Burda məsələ heç də polislərin sayında deyil. Problem mentalitetlə bağlıdı. Təhlükəsizliyə cavabdeh olan şəxslər hamıya qarşı eyni münasibəti göstərməlidilər. Birini buraxırlar, digərini yox. Bir dəfə mənim oğlumu da paltardəyişmə otağına buraxmamışdılar. Düz etmişdilər. Amma mən paltardəyişmə otağında dəfələrlə kənar şəxslərin gəzdiyini görmüşəm. Belə olmamalıdı”.
İsmayılov klubların xüsusilə təhlükəsizlik məsələlərinə ciddi önəm vermələrinin vacibliyini vurğulayıb: “Həmişə demişəm ki, futbolçuların təhlükəsizliyi çox vacibdi. Kimsə futbola baxmağa gəlibsə, tribunadan izləsin, oyun bitdikdən sonra da çıxsın getsin evinə. Elələrinin paltardəyişmə otaqlarında nə işi var ki? Çox vaxt stadiona buraxılmasına icazə verilməyən maşınları buraxırlar. Bunlar olmamalıdı”.
Stadionun direktoru bu məsələ ilə bağlı “Qarabağ” rəhbərliyi ilə danışdığını da bəyan edib: “Mən Əmrah Çəlikəllə söhbətləşdim. Xahiş etdim ki, sərt qərarlar qəbul etsinlər. Qarşıda “Qəbələ” ilə kubokun cavab oyunu var. Gərginlik yüksək həddə olacaq. Futbolçulardan, məşqçilərdən və klub rəsmilərindən başqa heç kim paltardəyişmə otaqlarına buraxılmamalıdı. Əgər orda artıq adam olacaqsa, buna klub cavabdeh olacaq. Ümid edirəm ki, bundan sonra qəbul ediləcək sərt qərarlar bu və digər xoşagəlməz halların təkrarlanmasına imkan verməyəcək”.
