7 mart 2013 00:33
Davam, yoxsa tamam?
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutacaq.
Günün daha tez başlayan görüşündə iki paytaxt klubu - “Bakı” və “İnter” qarşılaşacaq. Maraq üçün bildirək ki, yalnız bu cütdəki komandalar 2 mövsümdə üz-üzə gəliblər. Hər 2 paytaxt derbisində sevinən “Bakı” olub. Onlar tarixində ilk dəfə kuboka yiyələndiyi 2004/05 mövsümünün finalında üstün olub (2:1). 3 il əvvəl isə “zolaqlılar” bu rəqibini yarımfinalda dayandırıb (0:1, 3:1). Lakin cari mövsümdə “Bakı” heç də özünə bənzəmir. Bu komanda ilk altılığa vəsiqəni son anda və çox çətinliklə rəsmiləşdirə bildi. Lakin bu uğur “zolaqlılar”ı kubokda da ruhlandıra bilər. “İnter”ə gəlincə, bu komanda son turlara qədər Premyer Liqada lider idi. Amma “Neftçi”yə məğlubiyyət “bankirlər”in zirvəni əldən verməsiylə nəticələndi. Ona görə də Kaxaber Sxadadzenin komandası paytaxt derbisində həm son uğursuzluqları unutdurmağa çalışacaq, həm də “Bakı” ilə kubok oyunlarındakı uğursuz seriyanı dayandırmağa cəhd göstərəcək. İlk oyundakı 1:1 hesablı heç-heçə də “bankirlər”in mərhələ adlamaq şanslarını artıran məqamlardandı. Bu komandaların Premyer Liqanın cari mövsümündəki görüşlərində qeydə alınan nəticələrə gəlincə, ilk görüş qolsuz heç-heçə ilə bitmişdi. “İnter”in meydanında keçirilən ikinci qarşılaşmada isə “bankirlər” 1:0 hesabıyla üstün olmuşdular.
Premyer Liqada ilk altılığa vəsiqə qazanmış daha iki komanda - “Qarabağ” və “Qəbələ” Bakıda üz-üzə gələcək. Hər iki komanda iki cəbhədə də mübarizə aparmaqda maraqlı olduğundan gərgin mübarizə olacağı şübhəsizdi. Bu komandalar ötən mövsümdə də kubokda qarşılaşmışdılar. Elə indi olduğu kimi 1/4 finala təsadüf edən duellərdə heç-heçələr sıralanmışdı. “Qarabağ” yalnız ilk oyundakı səfər qolları sayəsində yarımfinala yüksəlmişdi. (2:2, 0:0). Bu dəfə necə olacağı maraqla gözlənilir. Maraq üçün xatırladaq ki, “Qarabağ” Premyer Liqanın 19-cu turuna təsadüf edən səfər oyununda da bu rəqibi ilə 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Baxmayaraq ki, ilk dövrədə keçirilən oyunda “Qəbələ” ağdamlıları məğlub etməyi bacarmışdı – 2:1. Qəbələ keçirilən ilk oyun da 1:1 hesabıyla başa çatıb. Bu, Ağdam klubunun mərhələ adlamaq şanslarını daha da artırır. Amma şübhəsiz ki, “Qəbələ” də səfərdə məğlub olmaq üçün gəlmir və yarımfinala çıxmaq üçün sonadək mübarizə aparacaq.
İlk altılıqdakı yerini təmin etmiş klubların daha bir kubok mücadiləsi yenə Bakıda baş tutacaq. Burda “Simurq” Premyer Liqanın lideri “Neftçi”nin qonağı olacaq. Ötən mövsüm 1/8 finalda üz-üzə gələn komandalar Zaqatalada münasibətlərini ayırd etmişdilər. Həmin vaxt cütün taleyini yalnız 1 qol həll etmişdi və “Neftçi” minimal hesablı qələbə sayəsində mərhələ adlamışdı. Bu mövsüm isə Zaqatala klubu daha iddialı təsir bağışlayır. Elə Georgi Çixradzenin komandasının hazırda liderlər qrupunda olması da bunu deməyə əsas verir. Düzdü, cəmi bir müddət öncə baş tutan çempionat oyununda “Simurq” bu rəqibinə 2 cavabsız qolla uduzmuşdu. Elə ilk dövrədə Bakıda keçirilən oyun da “Neftçi”nin xeyrinə bitmişdi – 2:1. Bu üzdən də “Simurq” kubok oyununda həm bu məğlubiyyətlərin əvəzini çıxmağa, həm də mərhələ adlamağa çalışacaq. İlk oyunda qeydə alınan qolsuz heç-heçə Zaqatala klubu üçün müəyyən üstünlük yaradır. Çünki “Simurq” səfərdə istənilən qollu heç-heçə sayəsində də mərhələ keçə bilər. Ölkə çempionunu isə ancaq qələbə qane edəcək.
Ən nəhayət, 1/4 final mərhələsinin digər duelində “Rəvan”la “Xəzər Lənkəran” qarşılaşacaq. İndiyədək kubokda yolları kəsişməyən tərəflərin hər ikisinə bu turnirdə mübarizəni davam etdirmək çox vacibdi. Məsələ burasındadı ki, həm “Rəvan”, həm də “Xəzər Lənkəran” artıq ilk altılıqdan kənar qalıb. Belədə tərəflərin mübarizəsinin gərgin keçəcəyi şübhəsizdi. Hansı ki, elə ilk oyunda da hesabı açan tərəf “Rəvan” olsa da, sonda lənkəranlılar əzmkar qələbə qazanmağı bacarmışdılar. Yarandığı gündən 1/4 finalın daimi iştirakçısı olan “Xəzər Lənkəran” 9-cu dəfə bu mərhələni adlamağa çalışacaq. Tarixi ərzində yalnız 2 dəfə burada büdrəyən “ağ-yaşıllar” 7-ci dəfə yarımfinala yüksəlmək üçün “Rəvan”ı keçməlidi. Bu rəqiblə yalnız Premyer Liqada görüşən cənub təmsilçisi bakılılara məğlub olmayıb.
Azərbaycan Kuboku
1/4 final mərhələsi (cavab oyunları)
7 mart
16:00. İnter – Bakı (ilk oyun 1:1)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Şəfa” stadionu.
17:00. Neftçi – Simurq (0:0)
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Munis Abdullayev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. Baksel Arena.
17:00. Xəzər Lənkəran – Rəvan (2:1)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Səfər Haşımov.
Lənkəran şəhər stadionu.
18:00. Qarabağ – Qəbələ (1:1)
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Elşən Acalov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
