6 mart 2013 15:35
Maksim Medvedev: Biz də nə vaxtsa Qəbələni udmalıyıq
“Qarabağ” sabah ölkə kubokunun 1/4 finalında “Qəbələ”ylə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, 1:1-in revanşında şimal klubunu qəbul edəcək komandanın tək hədəfi yarımfinaldı.
Vacib görüş öncəsi “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev oyunla bağı klub saytına danışıb: “Hazırlıqlar normal qaydada gedir. Bilirik ki, bizi “Qəbələ” ilə çətin oyun gözləyir. Rəqibimizin bəlkə də ən əsas hədəfi kubokdu. Məlumdu ki, Avropaya gedən ən qısa yol kubokdan keçir. Amma biz də eyni hədəf üçün mübarizə aparırıq. Yarımfinala çıxmağı istəyirik. Bunun üçün isə “Qəbələ”ni keçməliyik. İlk oyunda qeydə alınmış nəticə ilk baxışdan bizə sərfəli görünür. Amma 90 dəqiqənin eyni hesabla oynanacağını heç kim fikirləşmir. Dünənki “Mançester Yunayted”in vəziyyətinə düşüb-düşməyəcəyimizi deyə bilmərəm. Belə baxanda ingilislərə 1:1-lik nəticə sərf etsə də, onlar yenə də qol vurdular, mübarizə aparırdılar. Sadəcə qırmızı vərəqə Ferqyüsonun yetirmələrini pis vəziyyətdə qoydu. Bundan sonra oyun dəyişdi. “Qəbələ”ylə oyunda qırmızı almağı düşünmürük (gülür). Bəli 2 ildi, “Qəbələ”ni uda bilmirik. Amma heç vaxt onlara qarşı əzilməmişik. Sadəcə, nəsə olur. Çoxlu qol imkanlarımız olur, amma yenə də uda bilmirik. Futbolda belə şeylər olur. Təbii ki, biz də nə vaxtsa “Qəbələ”ni udmalıyıq”.
