7 mart 2013 17:34
Berti Foqts Lüksemburq və Portuqaliya ilə oyunlar üçün ilkin heyəti açıqladı
Berti Foqts futbol üzrə Azərbaycan millisinin heyətini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı baş məşqçi Lüksemburq və Portuqaliya ilə oyunlar üçün 25 futbolçuya dəvət göndərib.
Foqtsun siyahısında 4 legioner var. Belə ki, alman çalışdırıcı “Sivasspor”dan Cihan Özkaranı, “Rubin”dən Ruslan Abışovu, “Kayzerslautern II”dən Rüfət Dadaşovu və “Petrolul”dan Elhad Nəzirini yığmaya çağırıb. “Eskişehirspor”dan Ufuk Budak və “Hannover”dən Ali Gökdemir zədəli olduqları üçün milliy dəvət almayıblar.
Anar Nəzirov və Vladimir Levin martın 14-dən, Elhad Nəziri isə martın 17-dən millinin heyətinə qoşulacaq. Ruslan Abışov və Cihan Özkaranın millinin heyətinə nə zaman qoşulacağı isə çıxış etdikləri klublarla danışıqlardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq, martın 26-da isə Bakıda Portuqaliya ilə qarşılaşacaq. Bu oyunlara hazırlıq məqsədilə martın 13-dən 26-dək təlim-məşq toplanışı olacaq.
Qapıçılar: Kamran Ağayev (Bakı), Anar Nəzirov (Qəbələ), Səlahət Ağayev (Sumqayıt).
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev (hamısı “Qarabağ”), Vladimir Levin (İnter), Aqil Nəbiyev (Bakı), Vurğun Hüseynov (Qəbələ), Rasim Ramaldanov (Simurq), Mahir Şükürov (Neftçi), Elhad Nəziri (Petrolul, Rumıniya), Ruslan Abışov (Rubin, Rusiya).
Yarımmüdafiəçilər: Cavid Hüseynov, Elvin Məmmədov (hər iksi “Bakı”), Rəşad Sadiqov (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Əfran İsmayılov (Qarabağ).
Hücumçular: Vüqar Nadirov, Vaqif Cavadov (hər ikisi “Qarabağ”), Rauf Əliyev (Bakı), Pərdis Fərcad-Azad (Sumqayıt), Cihan Özkara (“Sivasspor”, Türkiyə), Rüfət Dadaşov (“Kayzerslautern II”, Almaniya).
