11 mart 2013 00:15
Sonun başlanğıcı
Bu gün Topaz Premyer Liqasında final mərhələsinə start veriləcək. Azerisport.az xəbər verir ki, həlledici mərhələnin ilk, mövsümün 23-cü turu 3 gün ərzində baş tutacaq.
Turun açılış matçında “Sumqayıt” “Turan”ı qəbul edəcək. İndiyədək 6 dəfə qarşılaşan rəqiblərin oyunlarında mütləq bərabərlik hökm sürür. Lakin son 2 qarşılaşmada qonaq komanda qalib gəlib. Bu görüşlərdə heç bir tərəf 1 oyunda 1-dən artıq qol vurmayıb. Elə cari mövsümün ilk dövrəsinə təsadüf edən “Turan” – “Sumqayıt” görüşündə də sumqayıtlılar, “Sumqayıt” – “Turan” qarşılaşmasında isə tovuzlular minimal hesabla qalib gəlmişdilər.
İkinci altılıqdakı daha bir oyunda “Rəvan” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. “Rəvan” yenə də heç vaxt qalib gəlmədiyi rəqiblə qarşılaşacaq. Lakin “Xəzər Lənkəran” da hələlik çempionat çərçivəsində səfərdə bakılıları məğlub etməyib. Bu komandaların hər qarşılaşmasında cənublular rəqib qapısına yol tapa bilib. “Rəvan” bu görüşdə təkcə əvvəlki mövsümlərdəki uğursuzluqları yox, eyni zamanda bir neçə gün öncəyə təsadüf edən kubokdakı məğlubiyyətləri də unutdurmağa çalışacaq. Premyer Liqanın ilk dövrəsində keçirilən görüşdə “Rəvan” “Xəzər Lənkəran”la sülh bağlamışdı - 1:1. Lənkəranda baş tutan qarşılaşmada isə meydan sahibləri 4:0 hesabı ilə üstün olmuşdular.
Daha bir görüş “Kəpəz”lə AZAL arasında baş tutacaq. 10 dəfə qarşılaşan rəqiblərin duelində AZAL böyük üstünlüyə malikdi. Bakılılar son 5 qarşılaşmada quru qələbələri sıralayıblar. İlk dövrədə Gəncədə keçirilən görüşdə AZAL 2, Bakıdakı qarşılaşmada isə 3 cavabsız qələbəylə başa çatmışdı.
Turun mərkəzi oyununda “Bakı” lider “Neftçi”ni qəbul edəcək. 41-ci paytaxt derbisinə qədər “Neftçi” rəqibi ilə matçlarda böyük üstünlüyə malikdi. Lakin son 5 matçda “Bakı” meydanı qolsuz tərk etməyib. Paytaxtın eyniadlı təmsilçisinin son 5 ev matçında isə heç-heçə olmayıb. Son dövrlər nəticələrini yaxşılaşdırmağa başlamış “Bakı” bu uğurlarının davamını gətirmək üçün mütləq derbini qalib başa vurmağa çalışacaq. Amma bu, heç də asan olmayacaq. Maraq üçün xatırladaq ki, ilk dövrədə keçirilən oyunda “Neftçi” “Bakı”nı səfərdə 2:1 hesabıyla məğlub etmişdi. “Neftçi”nin meydanında baş tutan növbəti görüş isə 1:1 hesabıyla başa çatmışdı.
İlk altılıq çərçivəsində baş tutacaq daha bir maraqlı görüş “Simurq”la “Qarabağ” arasında keçiriləcək. 15-ci duel ərəfəsində “Qarabağ” qələbə, “Simurq” isə qol sayında üstünlüyə malikdi. Son 7 oyunda uduzmayan ağdamlılar bütün qələbələri bu 3 il yarım ərzində qazanıb. Cari mövsümdə Zaqatalada keçirilən görüşdə hesab açılmamışdısa, “Qarabağ” ev oyununda 2:1 hesabıyla üstün olmuşdu.
Nəhayət, “Qəbələ” də final mərhələsinin açılış turunda “İnter”lə münasibətlərinə aydınlıq gətirəcək. Rəqiblərin son 4 qarşılaşmasında meydan sahibi olan tərəf qalib gəlib. Ümumilikdə isə 19-cu oyun ərəfəsində “İnter”in üstünlüyü aşkar görünür. Bakılılar 10-cu qələbənin astanasındadı. Bu mövsüm baş tutan görüşlərə gəlincə, “Qəbələ” öz meydanında 1:0 hesablı qələbəyə sevinmişdi. “İnter” isə Bakıda “Qəbələ”yə 2:1 hesabıyla qalib gəlmişdi.
Topaz Premyer Liqası
23-cü tur
11 mart
16:00. Sumqayıt - Turan
Bakı. Bayıl Arena.
12 mart
15:00. Bakı – Neftçi
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
15:00. Rəvan - Xəzər Lənkəran
Bakı. Bayıl Arena.
17:00. Simurq – Qarabağ
Zaqatala şəhər stadionu.
13 mart
15:00. Qəbələ – İnter
Qəbələ. Şəhər stadionu.
15:00. Kəpəz – AZAL
Bakı. Dalğa Arena.
