11 mart 2013 18:02
“Onları Azərbaycan milli komandasına cəlb etməliyik”
Almaniyanın paytaxtı Berlində təşkil olunmuş İTB Beynəlxalq Turizm sərgisində iştirak edən AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, AFFA rəsmisi qurumun rəsmi saytına açıqlamasında bunları söyləyib:
"Beynəlxalq turizm sərgisi hər il Almaniyanın paytaxtı Berlində təşkil olunur və Azərbaycan da burada iştirak edir. Sərginin ikinci günündə Azərbaycan haqda forum oldu. Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts ölkəmizdə çalışan şəxs kimi sərgidə ona ünvanlanan sualları cavablandırdı, Azərbaycan haqqında məlumat verdi.
Sərgidə Berlində yaşayan azərbaycanlılardan ibarət "Azəri" komandası da iştirak etdi. Berlində 13 və 17 yaşlı azərbaycanlılardan ibarət komandalar yaradılıb və Berlin Futbol Federasiyasının razılığı ilə yerli çempionatda iştirak edirlər. Bundan əlavə, Heydər Əliyev adına idman klubu yaratmaq istiqamətində işlər görülür. Yəni digər idman növləri ilə də məşğul olan azərbaycanlılar diqqətdən kənarda qalmayacaqlar.
Bu gün burda çıxış edən yeniyetmə futbolçular gələcəkdə milli komandamıza cəlb oluna bilər. İstərdik ki, gələcəkdə Gənclər və İdman Nazirlıyi, Milli Olimpiya Komitəsi və AFFA ilə birgə Berlində Olimpiya kompleksi tipli idman bazası yaradaq. Çünki həm burda, həm də ətraf şəhərlərdə idmanla məşğul olan kifayət qədər azərbaycanlı yaşayır. Onları Azərbaycan milli komandasına cəlb etməliyik. Təbii ki, əsas diqqəti futbola ayırmalıyıq. Ümidvaram ki, onlar gələcəkdə Azərbaycanı layiqincə təmsil edəcəklər".
