11 mart 2013 11:00
Slavço Georgiyevski: Siz onların qələbəsini ədalətli sayırsınız?
“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az-a müsahibəsində komandasının ölkə kubokunda uğursuzluğu və “Qəbələ” ilə baş tutacaq görüş barədə fikirlərini bölüşüb.
- Ölkə kubokunun 1/4 final qarşılaşmasında “Bakı”ya qarşı görüşdə “İnter” dişsiz oyun göstərdi. Səbəb nədir?
- Razı deyiləm. Ümumilikdə çox az adama oyunumuz xoş gəlir. Rəqibin necə qollar vurduğunu hamı gördü. İlk olyunda “Bakı” 94-cü dəqiqədə qol vurmuşdu. İkinci oyundasa qapımıza anlaşılmaz qollar vuruldu.
- Bəlkə sadəcə komandanız üçün Kubok premyer-liqa qədər vacib deyil? Axı adətən “Bakı”ya qarşı siz daha yaxşı oynayırsınız...
- Biz vacib və qeyri-vacib bölgüsü aparmırıq. Bəlkə “Barcelona” da İspaniya kubokunun yarımfinalında “Real”a bilərəkdən uduzdu? Əlbəttə, yox. Sadəcə həmişə istənilən nəticəyə nail olmaq olmur.
- Yeri gəlmişkən, artıq dörd oyundur ki, komandanız qalib gələ bilmir.
- Çətin rəqiblər olur və bəzən də qələbə qazanmaq mümkün olmur.
- Bir çox mütəxəssislər premyer-liqanın 21-ci turunda “Neftçi”yə məğlubiyyətin komandanı sındırdığını düşünür.
- Xeyr. Elə anlar olur ki, hər şey etməyinə rəğmən, uğur qazanmaq olmur. Komandada heç bir problem yoxdur. Biz məşqçilərin bütün göstərişlərini yerinə yetiririk. “Bakı” ilə oyundan sonra məşqçi bizi dəstəklədi, toparlanmağımızı və vəziyyətdən çıxış yolu tapmağımızı istədi.
- “İnter”in Kubokda uğursuzluğuna dair başqa fikir də var ki, bu uğursuzluq komandanı tamamilə premyer-liqaya kökləyə bilər.
- Təəssüf ki biz yarımfinala keçə bilmədik. Hesab edirəm ki, biri digərinə mane olmur. Mən rəhbərliyin və məşqçilər heyətinin Kubokda necə qələbə həsrətində olduğundan xəbərdaram. Məğlubiyyət acı alındı. Şəhriyar Əliyevin sonuncu qolu ümumiyyətlə yöndəmsiz alındı. Mən ümumiyyətlə nə vaxtsa belə qol vurulduğunu görməmişəm. Əgər bu futbolçu öz fəndini milyon dəfə təkrarlasa belə, bir daha belə qol vura bilməz.
- Gələn həftə final mərhələsi başlayır...
- Biz çempionluq yarışında mübarizəmizə davam edirik.
- “Neftçi”dən çempionluğu almaq çətin olmaycaq ki?
- Liderdən üç xal geridəyik. Ancaq fərq çox da böyük deyil. Onlara çatmaq çətin olsa da, mümkündü. Kim daha az səhv etsə, çempionatı da qazanacaq. Çoxları “Neftçi”nin büdrəməyəcəyini hesab edir. Ancaq “qızıl”ın kimə çatacağını sonda görəcəyik.
- “Altılığ”a “Qəbələ”də başlayırsınız. Keçən il səfərdə məğlub olmuşdunuz.
- Siz həmin oyunu xatırlayın. Məgər qələbə ədalətli idi? Bizim 98 qol vəziyyətimiz vardı, rəqib isə yarım vəziyyət yaradıb qol vurdu. Bu dəfə belə hal təkrarlanmamalıdır. İşləyəcəyik və qələbə qazanmağa çalışacağıq.
