11 mart 2013 16:56

“Azərbaycan yığmasında işləmək qürurverici idi”

“Toplu Bakı”nın keçmiş futbolçular və futbol mütəxəssisləri ilə hazırladığı “futbolu onlardan öyrən” silsiləsi yekunlaşmaq üzrədi. Azerisport.az xəbər verir ki, jurnalın bu dəfəki qonağı milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevdi.
 
- Özünüz barədə məlumat verərdiniz?
- Mən 1966-cı il 12 iyunda Beyləqan rayonunda anadan olmuşam. Uşaqlıqdan futbola böyük həvəsim olub. Futbola gəlişim isə təsadüf nəticəsində baş verib. 1982-ci ilin yayı idi. Onda mən 7-ci sinifdə oxuyurdum. Qardaşımla birgə  qatarda Bakıya gedirdik. Kupedə məşhur uşaq məşqçisi Vladimir Qalaktionovla rastlaşmağımız həyatımı dəyişdi. Ona futbola həvəsimin olduğunu deyəndə məni Bakıdakı  İnternat məktəbinə dəvət etdi. İyun ayında o vaxtkı Razın qəsəbəsinə gəlib məşqlərdə iştirak etdim. Məni bəyəndilər və 8-ci sinifdən burada oxumağa başladım. Burada SSRİ üzrə “Ümid” kubokunun qalibi oldum.

- Peşəkar futbola necə gəlmisiniz?
- 1984-cü ildə, Ümid kubokunu udandan sonra rəhmətlik Anatoli Banişevski məni Mingəçevirin “Avtomobilçi” komandasına apardı. O vaxt hər komandada mütləq 18 yaşadək futbolçu oynamalı idi. Bu qayda işimə yaradı və mən orada oynadım. 1985-86-cı illərdə isə Sergey Kramarenkonun rəhbərlik etdiyi “Gənclik” komandasında oynadım. B komanda “Neftçi” üçün baza rolunu oynayırdı. 1986-ci ildə “Neftçi” yə keçsəm də, burada qala bilmədim. Ona görə “Kəpəz”ə yollandım.  Sonrakı illərdə Moldovanın  “Nistru” , Rusiyanın “Fakel” klublarında çıxış etmişəm.
 
- Futbolçu karyeranızın pik nöqtəsini “Terek”də keçirdiyinizi demək olar. 1992-93-cü illərdə bu komandanın heyətində 44 oyun keçirdiniz. Yarımmüdafiəçi olsanız da, rəqib qapılarına 7 qol da vurdunuz...
- “Terek”də oynamaq mənim üçün əlçatmaz görünürdü. Çeçenistan klubuna getməyi təklif edəndə bunu zarafat kimi qəbul etdim. Bir mövsüm burada uğurla çıxış etdim. Növbəti mövsümün birinci dövrəsindən sonra Qroznıda siyasi vəziyyət pisləşdi. Ona görə də buranı tərk etməyə məcbur oldum. Azərbaycana qayıtmaq istəmirdim. Bu ərəfədə Qroznıda yaşadığım evə iki hündürboy qara kostyumlu kişi gəldi. Onlar mənim İsraildə oynamaq istəyimi soruşdular. Bu insanlar menecerlər idi. Əvvəl razılaşmadım. 1 həftə vaxt istədim. Peterburqda oyunumuz vardı. Həmin oyundan sonra baş məşqçi, indi isə Çeçenistanın İdman Naziri Xaydan Alxanovla danışdım. O da getməyimə etiraz etmədi. Beləliklə, İsrailə getməyə razılşadım. Mənimlə birgə Vidadi Rzayev də Tel-Əvivə uçdu. Onu da aparırdılar. Bir həftə ərzində menecerlər bizi bir neçə kluba göstərdi. Darıxdığımız üçün bəyənilməməyimizə dua edirdik. Evə uçmağımıza bir gün qalmış menecerlər mənim üçün real təklif olduğunu açıqladılar. Çox çək –çevirdən sonra  “Hapoel Taybe”  ilə müqavilə bağladım.
 
- Şahin müəllim, indi həmin müqavi-lənin imzalanmasından 19 il ötüb. Sirr deyilsə, müqavilənin maliyyə tərəflərini açıqlayardınız.
- 1990-cı illərdə futbolda böyük pullar yox idi. Biz “Terek”də dollarla desək, aya 300 dollar qazanırdıq. İsrailə gələndə menecer müqavilə üçün mənə aylıq 2500 dollar maaş, avtomobil və ev təklif etdi, lakin mən “yox” dedim. Ona görə yox ki, bu pul az idi. Bayaq dediyim kimi, doğmalarım üçün darıxırdım. Burada dözə bilməyəcəyimdən narahat idim. Lakin menecer gedib bir saatdan sonra bir də qayıtdı. Maaşımı 3000 dollara qaldırdı. Sonra 3500, üstəgəl 1000 dollar yemək pulu.  Sonra o mənə razılaşmayacağım təqdirdə onun xeyli ziyana düşəcəyini bildirdi. Çünki Qafqazdan bizim gəlişimizə bütün pullarını sərf edibmiş. İnsanlıq naminə onu başa düşdüm və razılaşdıq. Çıxış etdiyim komanda İsrail çempionatının I dəstəsində mübarizə aparırdı, həm də ərəb komandası idi. Həmin il mən çempionatın ən yaxşı 11-liyinə seçildim.
 
- İsrail karyeranızın əsas hissəsi Tel-Əvivin “Beytar” komandası ilə bağlı oldu...
- 1994-cü ilin sonunda “Beytar”a keçdim. Bu klubda vaxtilə Moskva “Torpedo”sunda oynamış Şoqolovla birgə çıxış edirdik. Həm də eyni otaqda qalırdıq.  Bu dəfə menecerliyi mənə vaxtilə Leninqradda oxumuş rus dilli bir professor etdi. O mənə həm tərcüməçilik etdi, həm də dili öyrətdi. İki il ərzində əksər oyunlarda meydana çıxdım. 1996-cı ildə böyük şanssızlıq yaşadım. Belimdən möhkəm zədələndim. Vətənə geri dönməyin vaxtı çatdı...
 
- Vətəndə “Bakı”nın sələfi “Dinamo”da oynadınız. Nədənsə, futbolçu karyeranızı çox tez bitirdiniz...
- 1996-cı ildə əvvəlcə “Fərid”, növbəti il isə “Dinamo”da qısa olsa da, oynadım. Həmin mövsüm bakılıların əla heyəti vardı. Təcrübəli futbolçularla gənclərin vəhdətini yaratmışdılar. Xatirimdədir, Yaşar Seyidov komandanın rəhbərlərindən biri idi. Sevindirici haldır ki, o hələ də bu klubdadır. Belimdəki zədə oynamağıma imkan vermədi. Bu  səbəbdən 30 yaşımda karyeramı bitirdim.
 
- Məşqçi fəaliyyətiniz də futbolçu karyeranız kimi zəngin olub. Əsasən Azərbaycan millisinin baş məşqçisi işləməyiniz sizi kifayət qədər populyarlaşdırdı
- Azərbaycan millisində işləmək qürurverici idi. 2005-2007-ci illər ərzində millidə bir çox reformaları həyata keçirə bildik. Mən 3 illik proqram hazırlamışdım. Proqrama əsasən  əsas milli ilə yanaşı 15,17 və 19 yaşadək millilərin də formalaşdırılmasına nəzarət edirdim. Həmin komandalar qrup mərhələ səddini aşmağa başladı.  Müxtəlif yaş qrupları üzrə liqaların yaradılmasında da mənim təşəbbüslərim oldu. Millidə bir sıra yaddaqalan oyunlarımız olub. Finlandiyanı evdə məğlub etdiyimiz görüşü heç vaxt unutmayacağam. Portuqaliya və Polşa ilə Bakıdakı oyunlarımız da yaddaqalan olub.
 
- Millidən əlavə, siz “Terek”,“Qarabağ” və “Gəncə”də çalışmısınız. Hansı klubda məşqçi kimi özünüzü tapdığınızı demək olar?
- Əlbəttə, hər bir klub mənim üçün əzizdir. Hər birində sevə-sevə işləmişəm. Məşqçi kimi bilik və bacarığımı tam açdığım klub “Gəncə” olub.
 
- Müsahibəmizin sonuna çatdıq. Əgər ürəyinizdə hər hansı bir sözünüz və ya sizə ünvanlandırmaq istədiyimiz sual qaldısa, fikirlərinizi dinləyirik
- Bizim vaxtımızda futbol oynamaq çox çətin idi. Futbola maraq da bugünkü səviyyədə deyildi. Maddi cəhətdən də o vaxt sıxıntılarımız olurdu. Bu gün futbolçularımız üçün hər cür şərait yaradılır. “Bakı” klubunun da futbolçularımızın yetişməsində əziyyətləri böyükdür. Hafiz Məmmədov böyük təşəbbüs göstərib, müqavilə imzalayıb,“Atletiko Madrid”klubu vasitəsi ilə Azərbaycanı reklam edir. Bu patriot insanı alqışlayıram.  Bir neçə yeniyetmə təcrübə qazanmaq üçün  “Atletiko Madrid”ə  yollanacaq. Bir sözlə, böyük işlər görüləcək. Biz də bu işlərdə əlimizdən gələn köməyi Hafiz müəllimə etməyə hazırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.