14 mart 2013 00:46
Qəbələ Şerifə beş qol vurdu
Moldovanın Tiraspol şəhərin 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən beynəlxalq turnirdə iştirakını davam etdirən "Qəbələ"nin U-15 kollektivi sözügedən ölkədə ikinci oyununa çıxıb. Azerisport.az xəbər verir ki, yerli "Şerif-99" komandası ilə üzə-gələn "qırmızı-qaralar" rəqibinə meydançada heç bir şans verməyib.
İlk dəqiqədən sona kimi üstünlüyü əlində saxlayan "Qəbələ" meydan sahiblərini 5 dəfə mərkəzə dəvət edib. "Qırmızı-qaralar"a qələbə gətirən qollara 2-ci dəqiqədə Sahil Zeynalov, 23-cü dəqiqədə Fərid Nəbiyev, 31-ci dəqiqədə Baxşəli Baxşəliyev, 40-cı dəqiqədə Coşqun Süleymanov və 70-ci dəqiqədə Azər İsmayılov imza atıb. Bu nəticədən sonra "Qəbələ" qrupda ilk sırada möhkəmlənib. İlkin mərhələ çərçivəsində son oyun sabah keçiriləcək. Hüseynqulu Quliyevin komandası Uşaq Gənclər İdman Məktəbi (Ukrayna) ilə qarşılaşacaq.
