14 mart 2013 01:41
Bakı yoxlama oyununa ehtiyac duymadı
Premyer Liqanın əksər klubları kimi, “Bakı” da istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, futbolçu və məşqçi heyəti martın 18-nə qədər istirahətdə olacaqlar.
Həmin gün isə komanda üzvləri klub bazasında yenidən bir araya gələcəklər. Komanda Topaz Premyer Liqasının 24-cü turunun “Simurq”la oyununun hazırlıqlarına da həmin tarixdən başlayacaq. “Zolaqlılar” 10 günlük hazırlıq prosesi zamanı heç bir yoxlama oyunu keçirməyi planlaşdırmır.
Zaqatala klubu ilə oyuna qədər zədəli Aqil Nəbiyevin sıraya dönməsi gözlənilir. Xatırladaq ki, o, “Rəvan”la ötən turun oyununda zədələnib. Bu üzdən Nəbiyev hətta yığmamızın da heyətindən çıxarılıb.
