15 mart 2013 12:02
Rövnəq Abdullayev: Yığma komandamızın 2013-cü ildə daha çox xal toplayacağına əminəm
AFFA prezidenti Rövnəq Abdullayev 2012-ci ilin yekunlarından danışıb, eləcə də 2013-cü illə bağlı planları açıqlayıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
“2012-ci il Azərbaycan futbolu üçün uğurlu oldu. “Neftçi” Avropa Liqasının qrup mərhələsi yüksəldi, Azərbaycan 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi etdi”.
Abdullayev AÇ-2020-nin ən azı bir oyununun Bakıda keçirilməsi üçün səylərin davam etdirildiyini də açıqlayıb: “Biz AÇ-2020-nin oyunlarından birini Bakıda keçirmək üçün lazım olan bütün sənədləri UEFA-ya təqdim etmişik. Mən hesab edirəm ki, bunun üçün hər cür şəraitimiz var. Yığma komandamız da Avropa Çempionatının final mərhələsinə vəsiqə qazana bilər. Bunun üçün yeni komanda formalaşdırmalıyıq”.
AFFA prezidenti yığmamızın da çıxışına toxunub: “Təəssüf ki, hələlik Azərbaycan yığması dünya çempionatının seçmə mərhələsində cəmi iki xal toplaya bilib. Amma mən əminəm ki, bu il xal ehtiyatımızı daha da yaxşılaşdıracağıq”.
AFFA başçısı millimizin FİFA reytinqində ilk yüzlüyə düşə bilməməsi və Lüksemburqla bağlı danışıb: “Lüksemburqu asan komanda saymayın. Heç bir komandaya yuxarıdan aşağı baxmaq olmaz. Heç bir yığma bunu etmir. Millimizin FİFA-nın reytinqdən ilk yüzlükdə olub-olmaması əsas deyil. Əsas oyundu. Millimiz səfər matçlarında mübariz oyun göstərdi. Gənclər çalışır, irəliləyiş var. Komanda uduzanda da onun arxasında durub, ona dəstək olmaz lazımdı. Hərdən görürəm ki, istefa qışqırırlar. Belə azarkeşlik olmaz”.
Abdullayev Bakı Olimpiya stadionun arenanı inşa edən şirkət tərəfindən 640 milyon dollara başa gələcəyi ilə bağlı açıqlamasına da toxunub: “Bu, iddia deyil. Stadionun inşasına 620-640 milyon dollar civarında pul xərclənəcək”.
Qurum rəhbəri işsiz məşqçilərlə bağlı məsələyə də toxunub: “Mən onlar üçün ayrıca iş yeri tapmalıyam ki? Biz onlar üçün şərait yaradırıq. Qalanı isə onun bacarığından asılıdı”.
Abdullayev çempionatın formatı ilə bağlı da danışıb: “Çempionatla bağlı məsələyə İcraiyyə Komitəsində baxacağıq. Liqalarda limitlə bağlı köklü dəyişiklər olacaq. Premyer Liqada olan 21 yaşadək məsələni I divizionda da tətbiq etmək istəyirik. Biz qarşıdakı Avropa çempionatlarında millimizin iştirakına çalışmalıyıq. Şanslarımız bərabərdi. Həmin vaxta kimi gəncləri yetişdirməliyik”.
