15 mart 2013 15:20
Çempionlar Liqasında 1/4 finalın püşkü atıldı: GS Realla düşdü (YENİLƏNİB)
Bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Qeyd edək ki, 1/4 finalda İspaniyanın 3, Almaniyanın 2, İtaliya, Fransa və Türkiyənin 1 klubu iştirak edəcək. Komandalar səbətlərə bölünmədiyindən istənilən klub bir-birinə rəqib ola bilərdi. Hətta “Real” – “Barcelona” qarşılaşmasının reallaşması da mümkün idi. Lakin bu, baş verməyib.
Təbii ki, azərbaycanlı futbolsevərlərin diqqəti “Galatasaray”a yönəlmişdi. 12 illik fasilədən sonra turnirin 1/4 finalına çıxan “Cim-Bom”un rəqibinin kimliyi futbolsevərlər tərəfindən maraqla gözlənilirdi. Qardaş ölkə təmsilçisi "Real"a rəqib olub.
Digər cütlərə gəlincə, "Malaga" Dortmund "Borussia"sına, "Barcelona" PSG-yə, "Bayern" "Juventus"a rəqib olub.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları 2-3, cavab qarşılaşmaları 9-10 aprel tarixlərində keçiriləcək. Turnirin yarımfinal mərhələsinin ilk matçları 23-24 aprel, cavab görüşləri 30 aprel – 1 mayda baş tutacaq. Yarımfinalın püşkü aprelin 12-də Nyonda atılacaq. Çempionlar Liqasının finalı isə mayın 25-də Londondakı “Uembli” stadionunda oynanılacaq.
Çempionlar Liqası
1/4 final
Malaga (İspaniya) - Borussia (Dortmund, Almaniya)
Real (İspaniya) - Galatasaray (Türkiyə)
PSG (Fransa) - Barcelona (İspaniya)
Bayern (Almaniya) - Juventus (İtaliya)
