19 mart 2013 12:16
AFFA-dan Xəzər Lənkəran və Simurqun futbolçularına diskvalifikasiya
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Bakı” – “Neftçi” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Simurq” – “Qarabağ” oyunun 63-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “Simurq”un futbolçusu Rəşad Eyubov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Rəvan” – “Xəzər Lənkəran” oyununun 74-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qəbələ” – “İnter” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
