26 mart 2013 00:06
Azərbaycan yığması üçün daha bir sürpriz imkanı
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamızın bu dəfəki rəqibi Portuqaliya seçməsi olacaq.
Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki altıncı oyunu olacaq. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından məhz səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. 2012-ci ilə təsadüf edən son rəsmi görüşdə isə Şimali İrlandiya ilə səfər heç-heçəsinə (1:1) nail olmuşduq. Bu ilin ilk oyununda isə səfərdə Lüksemburqla qolsuz heç-heçəyə razılaşmalı olduq.
Portuqaliya yığması millimiz üçün kifayət qədər tanış rəqibdi. Belə ki, Portuqaliya bundan öncə də iki seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub. Təəssüf ki, bu qarşılaşmalarda yığmamız o qədər də uğurlu çıxış edə bilməyib. Bir sözlə, Portuqaliya Azərbaycan üçün uğursuz rəqiblərdəndi.
İlk dəfə bu komanda ilə 1999-cu ildə, martın 26-da səfərdə qarşılaşmışıq. AÇ-nin seçmə mərhələsi çərçivəsində Gimaraynşda baş tutan görüşdə Portuqaliya Azərbaycan millisini biabırçı hesabla məğlub edib - 7:0. Amma sentyabrın 4-də Bakıda keçirilən cavab görüşündə millimiz həmin darmadağının qisasını qismən də olsa, ala bilib. Portuqaliya yığmamıza məğlubiyyətdən 90+7-ci dəqiqədə qurtula bilib - 1:1. Hansı ki, həmin nəticə futbolumuzun yadda qalan uğurlarından biri kimi xatırlanır.
AÇ-2008-in seçmə mərhələsində yenidən bu komanda ilə yollarımız kəsişib. Belə ki, 2006-cı il oktyabr ayının 7-də Portuda keçirilən görüşdə Portuqaliya yenə darmadağına sevinib - 3:0. 2007-ci ilin 13 oktyabr tarixində Bakıda baş tutan görüşdə isə millimiz sürpriz edə bilməyib - 0:2. Ən nəhayət, cari seçmə mərhələnin Portuqaliyada baş tutan ilk oyununda da məhz meydan sahibləri 3 cavabsız qolla qalib gəlmişdilər.
Göründüyü kimi, Portuqaliya ilə qarşılaşmalar yığmamız üçün o qədər də uğurlu alınmır. Komandamız bu komanda ilə görüşlərdə bir heç-heçəyə nail olsa da, rəqibinə heç vaxt qalib gələ bilməyib. 5 oyuna bu komandadan 16 qol buraxmışıq və bunlardan yalnız birinə cavab verə bilmişik. Amma ümid edək ki, bu dəfə daha yaxşı oyun və nəticə ilə yadda qalacağıq.
Portuqaliya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 7-ci yeri tutur. Yəni komandamızı dünyanın ən güclü yığmalarından biri ilə çətin sınaq gözləyir. Elə reytinq cədvəlindəki yerinə görə də millimiz (maraq üçün bildirək ki, millimiz hazırda 116-cı pillədə qərarlaşıb) bu rəqibindən kifayət qədər geridədi. Amma bu, portuqaliyalılarla görüşdə heç bir şansımızın olmadığı anlamına gəlməməlidi. Ən azı ona görə ki, qarşılaşma Bakıda – yığmamız üçün doğma olan bir arenada baş tutacaq. Hər halda 14 il öncə bu komandadan xal almağı bacarmışıqsa, futbol funksinerlərimizin inkişafdan ağız dolusu dəm vurduğu bir vaxtda niyə bunu etməməliyik?
Yığmamızın bu dəfəki rəqibi də cari seçmə tsikldə artıq beş oyununu arxada qoyub. Öncə səfərdə Lüksemburqa 2:1 qalib gələn Portuqaliya ardından evdə yığmamızı darmadağın etmişdi – 3:0. Rusiya ilə səfər oyununda isə bu komanda minimal hesablı məğlubiyyətə üzülmüşdü. Elə Şimali İrlandiya ilə ev oyunu da yığmamızın indiki rəqibi üçün uğursuz alınmışdı - 1:1. Bir neçə gün öncə İsraillə səfər oyununda isə bu komanda məğlubiyyətdən əlavə vaxtda xilas ola bildi – 3:3.
Nəticədə hazırda 8 xalı olan portuqallar F qrupunda üçüncü yerdə gedirlər. Qrup lideri Rusiyadan xeyli geri düşən bu komandada hazırda psixoloji cəhətdən problemlər var. Son uğursuzluqlara görə ciddi təzyiq altında olan Paulo Bentonun komandasında heyətlə də bağlı ciddi itkilər var. İngiltərənin “Manchester United” klubunun ulduz vingeri Naninin xidmətindən məhrum olan yığmamızın rəqibi İsraillə oyunda daha bir şok yaşadı. Belə ki, İspaniyanın “Real” klubunun forvardı Kristiano Ronaldo aldığı növbəti sarı vərəqə səbəbindən cəzalı duruma düşdü və yığmamıza qarşı oynaya bilməyəcək. Bütün bunlar təbii ki, portuqalların düşərgəsində xoş olmayan məqamlardandı. İndi qalır yığmamızın bütün bu problemlərdən maksimum yararlanması.
Portuqaliya millisinə Paulo Bento başçılıq edir. 43 yaşlı yerli mütəxəssis 2010-cu ildən etibarən bu yığmanı çalışdırır. O, bundan öncə sadəcə “Sporting”i çalışdırıb. Rəqibimizin heyətində İspaniya, Türkiyə, Almaniya, Rusiya, Ukrayna, Yunanıstan çempionatlarında çıxış edən çoxlu legioner futbolçular var. Elə Portuqaliyanın öz çempionatı da ən güclülərdən biri sayıldığına görə, bütövlükdə bu yığmanın hansısa zəif cəhətinin olduğunu demək mümkünsüzdü.
Azərbaycan yığmasına gəlincə, komandamız 2013-cü ildə ikinci rəsmi oyununa çıxacaq. Qeyd etdiyimiz kimi, bir neçə gün öncə yığmamız səfərdə Lüksemburqla qarşılaşdı və 0:0 hesablı heç-heçəyə razılaşdı. Düzdü, buna qədər komandamız iki yoxlama oyunu da keçirməyə imkan tapmışdı. Yanvar-fevral aylarına təsadüf edən Dubay toplanışı çərçivəsindəki ilk oyununda Özbəkistanla qarşılaşan təmsilçimiz qolsuz heç-heçəyə razılaşmışdı. Ardından isə Lixtenşteynlə görüşən futbolçularımız 1:0 hesablı qələbəyə imza atmışdılar. İndi komandamız ən azından məğlubiyyətsiz davamını gətirməyə çalışmalıdı.
Lakin Portuqaliya ilə görüş seçmə mərhələdəki ilk qələbəmizi rəsmiləşdirmək baxımından da əhəmiyyət kəsb edir. Bu, nə qədər inanılmaz görünsə də, hər halda mümkünsüz də deyil. Axı Azərbaycan millisi hər seçmə mərhələdə ən azı bir rəqibini büdrətməyi bacarır. Elə ötən tsikldə Türkiyə yığmasının da Bakıda xal itirəcəyinə çox az adam inanırdı. Amma futbolçularımız inanılmazı bacararaq, qardaş ölkə təmsilçisini məğlub yola salmağı bacardılar. Elə isə indi niyə növbəti tarixi uğura çalışmamalıyıq? Bu, nəinki Lüksemburq kimi zəif komandanı məğlub edə bilməməyimizi, həmçinin Şimali İrlandiya və İsraillə oyunlarda qələbə qazanmaq şansını əldən qaçırmağımız, Rusiya ilə oyunda 1 xalı son anda əldən verməyimiz kimi uğursuzluqları da unutdurmağa imkan verər. Portuqaliyaya qalib gəlsək və ya ən azı bir xal alsaq, qrup sonuncusu ilə xal fərqimizi də artırmağa nail olacağıq. Bu, nəinki Lüksemburqdan uzaqlaşmağımıza, eyni zamanda Şimali İrlandiyanı da qabaqlamağımıza imkan verə bilər.
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 195-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 35-də qələbə qazanmışıqsa, 50-də də heç-heçə ilə təsəlli tapmışıq. 109 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 135 qol vurduğumuz halda, öz qapımızdan 338 top çıxarmışıq.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
26 mart
21:00. AZƏRBAYCAN - PORTUQALİYA
Hakimlər: Andre Marriner, Simon Peter Bennett, Stüart Burt, Entoni Teylor (hamısı İngiltərə).
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan).
Komissar: İstvan Huszar (Macarıstan).
| 1 | Rusiya | 4 | 4 | 0 | 0 | 8 | 0 | +8 | 12 |
| 2 | İsrail | 5 | 2 | 2 | 1 | 13 | 8 | +5 | 8 |
| 2 | Portuqaliya | 5 | 2 | 2 | 1 | 9 | 6 | +3 | 8 |
| 4 | Azərbaycan | 5 | 0 | 3 | 2 | 2 | 6 | –4 | 3 |
| 4 | Şimali İrlandiya | 4 | 0 | 3 | 1 | 3 | 5 | –2 | 3 |
| 6 | Lüksemburq | 5 | 0 | 2 | 3 | 2 | 12 | –10 | 2 |
