27 mart 2013 17:10
Bakı Simurqla oyuna ciddi itkilərlə hazırlaşır
Topaz Premyer Liqasının 24-cü turunda Zaqatalada "Simurq"un qonağı olacaq "Bakı" hazırlıqlarını klub bazasında keçirdiyi məşqlə davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün baş tutan məşqdə milli komandanın heyyətində Portuqaliyaya qarşı oyunda yüngül zədə alan Rauf Əliyev, hərarəti olan Cavid Hüseynov, U-2-in Avstriyada keçirdiyi təlim-məşq toplanışına qatılan Şəhriyar Əliyev, Nurlan Novruzov və Litva yığmasının düşərgəsində olan Deyvidas Çesnauski yer almayıblar.
Novruz Məmmədov və Uinston Parks fərdi çalışarkən, milli komandadan qayıdan Elvin Məmmədov qaçışla kifayətlənib. Adları çəkilən futbolçulardan fərqli olaraq baş məşqçi Bojidar Bandoviçin rəhbərliyi altında qrup halında hazırlaşan digər oyunçular isinmə hərkətlərinin ardınca topla təmrinlərə keçiblər. Məşq qısamüddətli ikitərəfli oyunla yekunlaşıb.
Bakıda son məqşini keçirən komanda sabah Zaqatalaya yola düşəcək. Xatırladaq ki, Azərbaycan Topaz Premyer Liqasının 24-cü turunun "Simurq" - "Bakı" qarşılşaması 30 mart 2013-cü il tarixində Zaqatala şəhər stadionunda baş tutacaq.
