27 mart 2013 15:18
“Bu komandaya qarşı 10 oyun keçirsək, hamısında Portuqaliya qələbə qazanar”
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib.
“Birinci hissədə yığmamızın yaxşı oynadığını deməzdim. Sadəcə, qonaqlar zəif təsir bağışladılar. Əgər ayrı-ayrılıqda götürsək, futbolçularımız çalışırdılar. Amma qol vurmaq yox, buraxmamaq üçün. Elə buna görə idi ki, rəqib qapıya bir dənə də zərbə endirə bilmədik. 0:0 bizim üçün çox yaxşı nəticə olardı. Hiss olunurdu ki, komandamız da məhz buna çalışır. Amma səviyyə fərqi öz sözünü dedi. Fikrimcə, Portuqaliya yığması hətta Ronaldo və Nanisiz də komandamızdan qat-qat güclüdü. Biz onlarla 10 oyun keçirsək, hamısında rəqibimiz qələbə qazanardı”.
