28 mart 2013 15:16
Daxili İşlər Nazirliyi Araz Abdullayevin törətdiyi qəza ilə bağlı açıqlama yaydı
Daxili İşlər Nazirliyi “Neftçi”nin futbolçusu Araz Abdullayevin törətdiyi qəzaya münasibət bildirib. Azerisport.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir, hadisə ilə bağlı hazırda sənədləşdirmə işləri aparılır: “Bu gün Nobel prospektində qəzanın baş verməsi ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat daxil olub. Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 1 nəfər isə yaralanıb”.
DİN-in mətbuat xidmətindən bildirilib ki, qəzanı törədən “Neftçi”nin futbolçusu Araz Abdullayev yaralı şəxsi başqa maşınla xəstəxanaya aparıb. Qəzaya düşən maşının markası isə Nissandı.
Hazırda qəza ilə bağlı daha dəqiq araşdırma aparılır.
Bakıda futbolçunun törətdiyi qəzada ölən və xəsarət alan şəxslərin adı məlum olub. Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, ölən qadın Zəminə Hüseynovadı.
Qəza nəticəsində daha bir nəfər – 1968-ci il təvəllüdlü Gülsabah Nuriyeva ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
