28 mart 2013 16:45
Elxan Abdullayev: Millimiz Lüksemburqu 15 il qabaq da geridə qoya bilirdi. Bu, uğurdu?
Futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi Elxan Abdullayev azerisport.az saytına müsahibəsində millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya ilə oyunlarından danışıb, Berti Foqtsun fəaliyyətini dəyərləndirib.
“Lüksemburqla oyun məni çox məyus etdi. Foqts elə söz verir, amma nəticə yoxdu. Tsiklin əvvəlində qrupda üçüncü yeri tutacağımızı deyirdi. Gördü bu, alınmayacaq, indi də dördüncülükdən danışır. Amma heç ona da nail ola bilməyəcəyik. Mən komandada heç bir inkişaf görmürəm. Lüksemburqla oyunda rəqib bizi bir çox komponentlərdə üstələyirdi”.
Abdullayev Portuqaliya ilə oyundan da danışıb: “Birinci hissədə komandamızın yaxşı oynadığını deməzdim. Sadəcə, portuqallar zəif çıxış etdilər. Əgər ayrı-ayrılıqda götürsək, futbolçularımız çalışırdılar. Amma qol vurmaq yox, buraxmamaq üçün. Elə buna görə idi ki, rəqib qapıya bir dənə də zərbə endirə bilmədik. 0:0 bizim üçün çox yaxşı nəticə olardı. Hiss olunurdu ki, komandamız da məhz buna çalışır. Amma səviyyə fərqi öz sözünü dedi. Fikrimcə, Portuqaliya yığması hətta Ronaldo və Nanisiz də komandamızdan qat-qat güclüdü. Biz onlarla 10 oyun keçirsək, hamısında rəqibimiz qələbə qazanardı”.
Portuqaliyanın hesabı açmasından sonra azarkeşlərin “istefa” şüarları səsləndirməsin, hətta arenanı tərk etməyə başlamasına da toxunan mütəxəssis bunları söyləyib: “Mən bilirəm ki, azarkeşlərin hər biri futbolçularımızı ayrı-ayrılıqda sevirlər. Onlar həqiqətən də stadiona bu oyunçulara görə gəlirlər, azarkeşlik edirlər. Amma baş məşqçi heç kimi saymayanda, azarkeşlərə belə münasibət göstərəndə, daha nə gözləmək olar”?
Abdullayev həmçinin yığmamızın qrupda neçənci yeri tutmasının ciddi önəm daşımadığını da vurğulayıb: “Mənim üçün beşinci və ya dördüncü yer arasında ciddi fərq yoxdu. Mən ümumiyyətlə, bunun nə məna daşıdığını da başa düşmürəm. Düzdü, ötən tsikldə biz rekord sayda xal topladıq. Nə olsun? Yenə də beşinci olduq. Məsələn, bu tsikldə İsraili də özümüzdən geridə qoya bilsəydik, onda hansısa uğurdan danışmaq olardı. Şimali İrlandiyanı da geridə qoysaq, bunu da mini-uğur saymaq olar. Yalnız Lüksemburqu qabaqlamağı isə 15 il öncə də bacarırdıq. Bu, uğurdu”?
Foqtsun sabiq köməkçisi həmkarının fəaliyyətinə və açıqlamalarına da toxunub: “Foqtsun özünə müxtəlif bəraətlər qazandırmasını eşitmək mənə qətiyyən xoş deyil. Futbolçular klublarda yaxşı məşq etmirlər, təyyarə rahat deyildi, hakim düzgün idarəçilik etmədi. Axı bunlar nə vaxta qədər davam edəcək? Araz Abdullayevi yığmaya niyə çağırmadığını soruşurlar, deyir beynəlxalq təcrübəsi yoxdu. Gənclərdən ibarət yığmanın daimi üzvü olan, “Panionios”da çıxış edən futbolçunun necə beynəlxalq oyun təcrübəsi olmaya bilər? Guya həmin beynəlxalq oyun təcrübəsi Pərdis Fərcad-Azadda, yaxud Cihan Özkarada var? Hərdən Foqtsu tənqid edəndə deyirlər ki, sən kimsən ki, onun haqqında danışırsan? Amma mən də bir azarkeşəm. Bütün bu neqativ hallara nə qədər dözmək olar”?
