29 mart 2013 12:09
Xəzər Lənkəran üçün iki ilk
Sabah Topaz Premyer Liqasında yaranan 17 günlük fasilə sabah başa çatacaq. Azerisport.az xəbər verir ki, ölkə çempionatının 24-cü turunda “Xəzər Lənkəran” öz meydanında AZAL-ı qəbul edəcək. İkinci “altılığ”ın lideri ilə qarşılaşma 2 ilklə əlamətdar olacaq.
Belə ki, tarixində ilk dəfə 7-12-ci yerlər uğrunda mübarizə aparmalı olan Lənkəran təmsilçisi ikinci “altılıq”da 1-ci ev oyununa çıxacaq. Lənkəran stadionunda baş tutacaq ilk belə görüş həm də yeni baş məşqçinin debütü ilə yadda qalacaq.
Uelsli mütəxəssis Con Toşak ilk dəfə “Xəzər Lənkəran”ı baş məşqçi kimi meydana çıxaracaq. O, komandanın AZAL-la 23-cü duelində debüt edəcək.
Əvvəlki 22 qarşılaşmada cənublular aşkar üstünlüyə malikdi. 14 dəfə qalib gələn bu komanda 4 dəfə heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Rəqib qapısına 29 qol vuran “Xəzər Lənkəran” cəmi 12-sini buraxıb. İndi 30-cu qolun astanasında olan cənublu futbolçular bu 22 matçdan 18-ni çempionat, 4-nü kubokda keçirib.
Hər iki yarışda üstün olan “ağ-yaşıllar” çempionatda 12 qələbə qazanıb. Oyunların yalnız 1/3-də xal itirən XL 3 dəfə 1 xalla kifayətlənib, eyni sayda oyunda meydanı məğlub tərk edib. Bu görüşlərdə Lənkəran təmsilçisi 24, bakılılar isə cəmi 9 dəfə fərqlənib.
“Xəzər Lənkəran”ın ev oyunlarında meydan sahibləri 8 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Lənkəran təmsilçisi qonaqların qapısına 17 top vurub və cəmi 7 qol buraxıb.
