30 mart 2013 21:05
Böyükağa Hacıyev: İnterlə 10 oyun da oynasam, hamısında qalib gələrəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 24-cü turunun “İnter” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox maraqlı oyun oldu. Premyer Liqadakı 17 günlük fasilədən sonra belə oyun alınırsa, fasilə olmasa necə oyun olacağını təsəvvür edin. 12 futbolçumuz milli komandalarda idi. Komandanı iki gün öncə tam yığa bilmişik. Futbolçuların əzmkarlığından razı qalsam da, ustalıqda bir az “axsadıq”. “İnter”lə 10 oyun da oynasam, hamısında qalib gələrəm. Çünki, mən “İnter”i tam öyrənmişəm. Kaxaber Sxadadze yaxşı məşqçidir, onun əlində olan futbolçular budur. “İnter”in necə qol vurduğunu bilirəm, ağıllı məşqçi bu yolu tapıb bağlasa, “İnter” qol vura bilməyəcək”.
