1 aprel 2013 00:47
“Neftçinin vicdanındakı ləkə daha böyükdü”
“İnter” klubunun prezidenti Georgi Nikolov Topaz Premyer Liqasının “Neftçi”yə qarşı keçirilən 24-cü turunun oyununda qonaq komandanın azarkeşlərinin meydançaya fişəng atmalarına sərt reaksiya verib. Azerisport.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis klub saytındakı növbəti yazısında bildirib ki, azarkeşlərin bu hərəkəti “Neftçi”nin adına ləkədi.
Nikolov qeyd edib ki, süni örtüklü meydançaya atılan kənar əşyaya görə süni örtüyün bir hissəsi yanıb: “Hansısa sayt yazıb ki, meydançada çox cüzi ləkə qalıb. Yox, əzizlərim, birinci “Neftçi”nin vicdanındakı ləkə böyükdü. İkincisi, zərər kifayət qədər çoxdu. Bu vandalizm aktına görə meydançanın 65x4 metr örtüyü tamamilə dəyişdiriləcək. Bu, əsla U-17 qızlar arasında dünya çempionatına görə salınmış təzə meydança deyil. Bu meydança “İnter” klubunun mütəxəssisləri və əməkaşlarının səyləri nəticəsində düzəldilib. Buna görə “İnter” klubu tərəfindən 500 min manat pul ödənilib”.
Georgi Nikolov qeyd edib ki, söhbət puldan, kluba dəyən zərərdən getmir: “Söhbət ondan gedir ki, futbolda xuliqanlıq sürətlə artır”. “İnter” prezidenti yazıb ki, “Eyzel” stadionundakı faciəvi hadisələr məhz bu cür insidentdən sonra baş verib.
Klub prezidentinin sözlərinə görə, onlar qonaqpərvərliyinə bəzi “qonaqlar” qafqazlılara xas olmayan biabırçılıqla cavab veriblər. Nikolov növbəti oyunlarda bu cür halların qarşısını almaq üçün xüsusi tədbir görəcəklərini yazıb.
