1 aprel 2013 18:17
“Futbolçular öz arasında söz verdi ki...” (FOTO)
Adını “Rəvan”ın və Azərbaycan futbolu tarixinə yazdırandan sonra argentinalı Xuan Manuel Varea ilə danışmaq zəruri idi. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında son matç və orda qeydə alınan rekordlar və ilklərlə bağlı bunları söyləyib:
"İlk öncə onu qeyd edim ki, oyun bizim üçün göründüyü qədər asan keçmədi. Xüsusən ilk yarıda rəqib sona qədər döyüşür, mübarizə aparırdı. Müdafiədəki boşluqlarımızdan yararlanaraq hava toplarında bizə problem yaşadırdılar. Fasilədə baş məşqçimiz bizimlə ciddi söhbət etdi. Onu hələ bu qədər əsəbi görməmişdim. Futbolçular öz arasında söz verdi ki, ikinci hissəni çıxıb fərqli oynayacağıq. Gördüyünüz kimi, fasilədən sonra çox yaxşı oynadıq. 5 qol vurduq, üstəlik, 3 yüzfaizli imkanı da qaçırdıq. Qollarımı qızıma həsr edirəm. Rekord etməyimi ilk dəfə eşidirəm. Belədisə çox xoşbəxtəm, adımı klub və Azərbaycan futbolu tarizinə yazdırdığıma görə. İllər sonra məni xatırlamağa əsas olacaq. Ancaq komandanın uğurunun daha vacib olduğunu da deməliyəm. Qolu kimin vurması elə də önəmli deyil. Əsası 3 xalı qazanmaqdır. İndi mən hücumçuyam deyə daha çox şans əldə edirəm. Belə epizodlardan effektiv yararlanmaq zəruridir. Bombardirlik? Yenə deyirəm, mənə komandamın uğuru daha vacibdir. Bombardir olsam da, lap yaxşı. Həm öz, həm də komandamın adına müsbət hal olardı”.
