1 aprel 2013 12:59
Simirq Qəbələ ilə oyuna istirahət etmədən hazırlaşmağa başladı
Ötən tur doğma azərkeşlər önündə "Bakı"ya minimal hesabla məğlub olan “Simurq” "Qəbələ" ilə oyunun hazırlıqlarına ara vermədən başlayıb. Azerisport.az xəbər verir ki, dünən bir məşqə çıxan Georgi Çixradzenin yetirmələri, qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra iki qrupa bölünüb.
Daha sonra əsas heyətdə qarşılaşmaya çıxan futbolçulara istirahət verilib, digərləri isə "kvadrat" və ikitərəfli oyunla hazırlılığı tamamlayıb.
Bu gündən isə "Simurq" iki məşqlə hazırlığı davam etdirəcək. Səhər çalışmaları trenajor zalında keçiriləcək, axşam məşqi isə Zaqatala şəhər stadionunda baş tutacaq. Komandanın heyətində zədəli futbolçu olmasa da, kart cəzalılarının çoxluğu "Qəbələ" ilə oyun öncəsi məşqçilər korpusunu çətin vəziyyətə salıb. Mario Bojiç və Qərib İbrahimov son görüşdə dördüncü sarı vərəqəni aldıqlarından, növbəti turda meydana çıxa bilməyəcəklər. "Bakı" ilə qarşılaşmada dizindən zədə alan qapıçı David Petrkeviçin durumu isə qənaətbəxştdir. Polşalı əlcək ustası bugünkü məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu aprelin 5-də Qəbələ şəhər stadionunda keçiriləcək və qarşılaşma saat 16:00-da start götürəcək.
