2 aprel 2013 01:18
Qəbələ qrup mərhələsini uğurla adladı, amma...
Antalyada IV Vodafone Kubokunda çıxışını davam etdirən “Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası ötən gün turnir çərçivəsində daha 2 oyun keçirib. Azerisport.az xəbər verir ki, qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşan “qırmızı-qaralar” rəqibinə heç bir şans verməyib.
Türkiyə təmsilçisini 4 dəfə meydançanın mərkəzinə dəvət edən “Qəbələ” qapısını toxunulmaz saxlaya bilib – 4:0. Matç Təbriz İsazadənin het-triki ilə yadda qalıb. Digər qol isə Məhəmməd Abbaslının aktivinə yazılıb.
Bu nəticədən sonra 2 qələbə və 1 məğlubiyyətlə “Qəbələ” qrup mərhələsini 2-ci pillədə adlayıb. 1/16 final mərhələsində isə təmsilçimiz İspaniya “Villarreal”ı ilə üz-üzə gəlib. “Qırmızı-qaralar” matçı yüksək səviyyədə keçirsə də, yekunda ispaniyalılar 2:0 hesabilə qalib gəlib.
“Qəbələ” turnir çərçivəsində növbəti oyununu aprelin 3-də keçirəcək. 9-16-cı yerlər uğrunda qarşılaşmada komanda “Sarıyer”lə münasibətlərinə aydınlıq gətirəcək.
Bu gün isə turnirdə “All Star” matçı baş tutacaq. Sözügedən oyunda Əcnəbilər yığması ilə Türk yığması üz-üzə gələcək. Əcnəbilər yığmasının qapısını “Qəbələ”li Murad Cəfərov qoruyacaq. Bakı vaxtı ilə 15:30-da start götürəcək matç NTV Spor kanalı vasitəsilə canlı yayımlanacaq.
