2 aprel 2013 17:38
Yubiley istefa
Futbol üzrə Azərbaycan Premyer Liqasında cari mövsümün onuncu baş məşqçi istefası reallaşdı. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədovla bəxtsizlərin sayı iki rəqəmliyə çevrilmiş oldu.
Qeyd edək ki, Məmmədovun istefasından öncə 5 yerli, 4 əcnəbi mütəxəssis postundan ayrılmışdı. “Qəbələ”nin sabiq çalışdırıcısı ilə yerlilərin sayı bir qədər də artdı.
Bu mövsüm ən çox baş məşqçi dəyişikliyi edən komanda “Rəvan” olub. Bakı klubu türkiyəli Cevat Gülər, bosniyalı Kemal Alispahiç və yerli məşqçi Bəhmən Həsənovu yola salıb. “Qəbələ” baş məşqçi dəyişikliyində “Xəzər Lənkəran”a çatıb. Lənkəran klubu Yunis Hüseynovla Karles Bakesi yola salıbsa, Qəbələ təmsilçisi Fatih Kavlak və Ramiz Məmmədovla vidalaşıb. “Bakı” Novruz Əzimovla, “Kəpəz” Fuad İsmayılovla, “Turan” Əsgər Abdullayevlə yollarını ayırıb.
6 klub – “Neftçi”, “İnter”, “Qarabağ”, “Simurq”, AZAL, “Sumqayıt” mövsümə başladıqları baş məşqçilərlə yollarına davam edirlər.
