4 aprel 2013 13:46
“Yaxşı nəticələr düzgün yolda olduğumuzu göstərir”
AFFA tərəfindən 2010-cu ilin iyulun 7-dən start verilən “Elit məşq” layihəsi bu gün uğurla davam etdirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanın bir çox bölgəsini əhatə edən layihə çərçivəsində seleksiyaçı məşqçilər tərəfindən diqqətdən kənarda qalan istedadlı uşaqlar seçilib Azərbaycan futboluna qazandırılır. Layihəyə rəhbərlik edən Mirbağır İsayev son bir il ərzində görülən işlər barədə məlumat verib.
- Bir ildir Elit məşq layihəsində kordinator vəzifəsində çalışıram. Bu iş mənə maraqlı olduğundan AFFA rəhbərliyinin təklifini qəbul etdim. Aşağı yaş qrupu üzrə yığma komandalara dəstək vermək üçün bu layihədə iştirak etdim. Artıq növbəti il üçün də qarşılıqlı razılıq əldə etmişik.
- İşlədiyiniz müddətdə hansı işlər görülüb?
- Elit məşq layihəsinin əsas məqsədi regionlarda diqqətdən kənar qalan uşaqların futbola cəlb olunması və aşağı yaş qrupu üzrə yığma komandalara dəstək olmaqdır. Misal üçün, U-16 yığma komandanın formalaşmasında Elit məşq layihəsinin bilavasitə rolu oldu. İl ərzində keçirilən U-14, U-15 liqalarından forma geyinən futbolçular elit məşq layihəsinin seleksionerləri tərəfindən izlənildi və çempionatın sonunda seçilən 1998-ci il təvəllüdlü uşaqlar milli komandanın məşqçilərinə bildirildi. Dalğa Arena-da keçirilən seleksiyada təxminən 150 uşaq 10 məşqçinin etimadını qazanmağa çalışdı. Yekunda 150 uşağın içindən indiki U-16 yığma komandası formalaşdırıldı. İndi əsas məqsəd 2016-cı ildə ölkəmizdə keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatına dəstək olmaqdır. Bildiyiniz kimi, həmin çempionatda 1999-cu il təvəllüdlü futbolçular iştirak edəcəklər. Bizim seleksiyaçı məşqçilərimiz yenə hər regionda axtarışlar edərək istedadlı futbolçuları üzə çıxaracaqlar. Bu mənada AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Bu il U-14 liqası ilə yanaşı, ilk dəfə təşkil olunan U-14 Azərbaycan kuboku regionda futbolla məşğul olan uşaqların üzə çıxması üçün dəstək idi. Bildiyiniz kimi, Azərbaycan kuboku uğrunda yarışda elit məşq layihəsinin 5 region komandası iştirak etdi. Şimal, Şimal-Qərb, Qərb, Cənub və Mərkəz regionunun yığma komandaları mübarizə apardı. 3 komandamız Azərbaycan kubokunun ¼ final mərhələsində vəsiqə qazandı. Onlardan Qərb yığması finalda “Neftçi”yə, Cənub yığması isə 3-cü yer uğrunda görüşdə “İnter”ə uduzdu. Qərb yığması komandası haqda demək istəyirəm ki, Gəncədən həmişə istedadlı futbolçular çıxıb. Ceyhun Tarıverdiyev, Etibar İbrahimov və İlham Əzizzadə istedadlı uşaqların üzə çıxmasından bizə yaxından kömək edirlər. Düzdür, Ceyhunla İlham müəllim elit məşq layihəsində iştirak etmirdilər, ancaq bu göstəricidən sonra da onları da dəvət etdik. Final görüşündə 1:0 irəlidə olan Qərb yığması son dəqiqələrdə qapısından qol buraxdı. Hər halda Qərb yığması ilə “Neftçi”nin şəraitini müqayisə etdikdə ortaya çıxan nəticəni qənaətbəxş hesab etmək olar. Elit məşq layihəsini bir məqsədi də budur ki, “Qəbələ”, “Bakı”, “İnter”, “Neftçi” kimi klublar regionda diqqətdən kənar qalan uşaqları komandalarına dəvət etsinlər. Məhz Azərbaycan kubokunda iştirak edən komandalarda istedadlı uşaqları görən klublar bir neçəsini heyətlərinə cəlb etdilər. Elit məşq layihəsində iştirak edən futbolçuların əksəriyyəti “Qəbələ”də, “Bakı”da və digər komandalarda top qovurlar.
- Neçə futbolçu digər klublara keçdi?
- Sayı dəqiq bilinmir, ancaq onu bilirəm ki, Azərbaycan kubokundan sonra klubların əksəriyyəti region yığmalarının futbolçularını komandalarına cəlb etdilər. Az öncə dediyim kimi, bu layihənin əsas məqsədlərindən biri aşağı yaş qrupu üzrə yığma komandalara kömək etməkdir. Azərbaycan kuboku uğrunda yarışdan sonra bizim seleksionerlərimiz 65 futbolçunun adını U-15 yığmasının baş məşqçisi Təbriz Həsənova təqdim etdi. 65 uşaqdan ən yaxşı 25 nəfəri U-15 yığmasına dəvət olundu. Bu addım 2016-cı ildə ölkəmizdə təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatında Azərbaycanı təmsil etməyə hesablanıb. Dediyim kimi, Azərbaycan kubokunun təşkil olunması elit məşq layihəsinin effektliliyini bir qədər də artırdı. Oyunlar zamanı bir deyil, bir neçə seleksiyaçı məşqçi qarşılaşmaları izləyib fərqlənən uşaqları seçirdilər. Komandanın formalaşdırılması da düzgün seçimdən keçir.
- Qarşıda daha hansı addımları atmağı düşünürsünüz?
- İşlərimiz bununla yekunlaşmır. U-15 yığmasının B variantını yaratmağı düşünürük. Uşaqlar arasında rəqabəti artırmaq üçün B komandasını da yaradacağıq. Bu gün milliyə dəvət olunan uşaqlar arxayınlaşmamalıdır ki, mən dəvət olundum, axıradək də oynayacam. Bu elə bir yaş dövrüdür ki, hansı futbolçunun artırıb, hansının zəifləyəcəyini bilmək olmur. Sağ olsun AFFA rəhbərliyi bu haqda fikirləşir və B komandasını yaratmağı məsləhət gördü ki, bunu da yaxın günlərdə yaradacağıq. Bizim məqsədimiz 2016-cı ildə keçiriləcək Avropa çempionatında bu iki heyətdən bir komandada formalaşdırıb Azərbaycanı layiqincə təmsil etməkdir. Dediyim kimi, elit məşq layihəsinin əsas məqsədi regionlarda olan futbolçuları üzə çıxartmaq, onları daimi diqqətdə saxlamaq və aşağı yaş qrupu üzrə Azərbaycan yığma komandalarına cəlb etməkdir.
- Elit məşq layihəsində diqqətdən kənarda qalan region qalıbmı?
- Çempionat başa çatdıqdan sonra elit məşq layihəsinin coğrafiyasını bir qədər də genişləndirmək fikrimiz var. Naxçıvan, Şərur, Balakən, Qax və Zaqatalada elit məşq layihəsini keçirəcəyik. Bu rayonlarda da istedadlı uşaqları seçilib üzə çıxması istiqamətində işlər görəcəyik.
- Hansı regionda elit məşq layihəsinə daha çox maraq var?
- Bizim respublika üzrə 15 məntəqəmiz var. Bildiyiniz kimi, Gəncə futbolu həmişə öz-dəst xəttilə seçilib. Qubanın istər Premyer Liqada, istərsə də birinci divizionda komandası olmasına baxmayaraq, sevindirici haldır ki, burada futbola böyük maraq var. Nəinki Qubada, ümumiyyətlə, Şimal regionunda. Misal üçün, Şimal yığmasının komandası Azərbaycan kubokunun ¼ final mərhələsində mübarizəsini dayandırdı. Ancaq yarış başlayanda heç kim onlara ciddi yanaşmırdı. Bir sözlə, regionlar üzrə yığma komandalar Azərbaycan kubokunda yaxşı nəticələr əldə edərək düzgün istiqamətdə olduğumuzu göstərdi. Bu bizim məşqçilərin əməyinin nəticəsidir.
- Elit məşq layihəsində məşq zamanı neçə nəfər futbolçu iştirak edir?
- Lazım deyil ki, bir məşqdə 40 nəfər futbolçu olsun. Hər məşqdə 2 məşqçi 22-24 futbolçu ilə məşğul olur. Bu layihədə çox təcrübəli məşqçilər çalışır. Misal üçün Şamil Heydərovun rəhbərliyi altında futbolun sirrlərini öyrənmişəm. Ondan əlavə, Sabir Əliyev, Elbrus Abbasov və Rafiq Mirzəyevin adlarını çəkə bilərəm. Təcrübəlilərlə yanaşı, gənc məşqçilər də elit məşq layihəsində çalışırlar. Misal üçün, karyerasını yeni bitirmiş İsmayıl Məmmədov Sabir Əliyevin yanında həm məşqçiliyin sirlərini öyrənir, həm də öz bilik və bacarığını uşaqlara öyrədir. Bu işlər bir dəqiqə belə olsun nəzarətsiz qalmır. İstər məşqçilərlə, istərsə futbolçularla bağlı nə problem olsa həll etməyə çalışırıq. İnanıram ki, bu layihənin az da olsa milli komandaların formalaşmasında köməyi olub. (AFFA)
