5 aprel 2013 12:07
Topaz Premyer Liqası, 25-ci tur: Qədirovun proqnozu
“Rəvan”ın sabiq baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 25-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
Qəbələ - Simurq
Fikrimcə, baş məşqçi dəyişikliyi qəbələliləri daha da ürəkləndirəcək. Onlar bu oyunda maksimum güclərini meydanda qoymağa çalışacaqlar. “Simirq” bu mövsüm haqlı olaraq ilk altılıqda qərarlaşıb. Amma görüşün səfərdə keçirilməsi bu komanda üçün çətinlik yarada bilər. Bu üzdən də “Qəbələ”nin qalib gələcəyini düşünürəm.
Bakı – İnter
“İnter”ə hazırda qələbə və xallar çox lazımdı. Fikrimcə, onlar bu oyunda qalib gəlmək üçün hər şeyi edəcəklər. Çünki “bankirlər” ölkə kubokunda da bu komandanı keçə bilməmişdi. “Bakı”ya böyük hörmətim olsa da, bu qarşılaşmada “İnter”in qələbə qazanacağını proqnozlaşdırıram.
Neftçi – Qarabağ
Maraqlı oyun olacaq. “Neftçi” hazırda liderdi. Lakin bu komanda sərgilədiyi oyuna görə də digər klublardan bir addım öndədi. Ona görə də, “Qarabağ”ın hətta bu mövsüm iki dəfə bu rəqibinə qalib gəlməsinə rəğmən, qələbənin “Neftçi”yə qismət olacağı qənaətindəyəm.
Kəpəz – Xəzər Lənkəran
Nəzərə alsaq ki, bu oyun hər iki komanda üçün səfər matçı sayılır, o zaman şansların bərabər olduğunu demək olar. Lakin şübhəsiz ki, “Xəzər Lənkəran” bu rəqibindən daha güclüdü və üç xalı qazanan tərəf olacaq.
Rəvan – Sumqayıt
Son dövrlər “Sumqayıt” oyun planında artırıb. Ümumiyyətlə, bu komandaya simpatiyam var. Hiss olunur ki, gələcəyə işləyən klubdu. Amma “Rəvan” da son oyunlarda yaxşı təsir bağışlayır. Şansları bərabər hesab etdiyim üçün, heç-heçə olacağını düşünürəm.
AZAL – Turan
AZAL bu oyunda 3 xal qazanmaq şansını əldən qaçırmaz. Ona görə də meydan sahiblərinin qələbəsinə üstünlük verirəm.
