5 aprel 2013 12:36
Xəzər Lənkəran keçmiş kapitanı və düşərli rəqibi ilə üz-üzə
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 25-ci turunda “Kəpəz”in qonağı olacaq. Azerisport.az xəbər verir ki, vaxtilə 3 dəfə Azərbaycan çempionu olan Gəncə təmsilçisi hazırda Premyer Liqanın aşkar autsayderidi. Bu üzdən matçın aşkar favoriti Lənkəran klubudu.
Bu komanda qərblilərlə əvvəlki görüşlərdə də bu statusu doğrulda bilib. 11-ci dəfə qarşılaşan rəqiblərin baş tutan 10 matçında 8 qələbə “Xəzər Lənkəran”ın olub. “Ağ-yaşıllar” cəmi 2 dəfə xal itirib ki, bu oyunların birində heç-heçə qeydə alınıb. 3 il əvvəl isə “Kəpəz” yeganə qələbəsini gözlənilmədən böyük hesabla qazanıb.
Lakin həmin yenilgidən sonra XL rəqibini xala həsrət qoyub. Ardıcıl 5 oyunda qərblilərə qalib gələn “Xəzər Lənkəran” bu görüşlərdə cəmi 1 qol buraxıb. Ümumilikdə isə 10 oyunda 7 qol buraxan komanda rəqib qapısına 18 dəfə yol tapıb.
Gəncə təmsilçisinin Bakıda keçirəcəyi ev oyunu “ağ-yaşıllar”ın bu rəqibin meydanındakı 6-cı sınağı olacaq. Səfərdə 4 qələbəsi və 1 məğlubiyyəti olan cənublular səfərdə 9 qol vurub və 6-nı buraxıb. “Kəpəz”ə qarşı bütün oyunlarda ən azı 1 qol vuran cənublular bu seriyanı davam etdirməyə çalışacaq.
“Kəpəz”i bu matça baş məşqçi kimi çıxaracaq Mahmud Qurbanov vaxtilə “Xəzər Lənkəran”la Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb. Cənub təmsilçisinin heyətində 65 oyuna 5 qol vuran sabiq “ağ-yaşıllı” futbolçu 59 dəfə kapitan kimi meydana çıxıb.
