7 aprel 2013 00:19
Böyükağa Hacıyev: Ramin Musayevin Qarabağa simpatiyası var
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 25-ci turunun “Qarabağ”la oyunundan sonra bəzi sərt açıqlamaları ilə yadda qaldı. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı görüşün hakimlərini və Peşəkar Futbol Liqasını “Neftçi”yə qarşı qərəzli münasibətdə günahlandırıb.
“Qələbəni təmiz qazanmaq lazımdı. Mən hakimlikdən danışmağı sevmirəm. Amma bu gün hakimlər oyunu korladılar. Qapımıza penalti yox idi. Hakim sadəcə Peşəkar Futbol Liqasının büdcəsini doldurmaqla məşğul idi. Bu qədər vərəqə göstərməyin başqa adı yoxdu”.
“Özü də maraqlıdı ki, bu oyunun hakim-inspektoru Xaqani Məmmədov idi. Hakimlər hətta kiçik follara görə də oyunu dayandırırdılar. Ola bilər kimlərinsə “Qarabağ”a simpatiyası var. Amma bu qədər də olmaz axı. Məgər “Neftçi” başqa ölkənin klubudu? Hələ bir AFFA-nın bizə kömək etdiyindən danışırlar”.
Hacıyevin sözlərinə görə, komandasının son nəticələri tam fərqli də ola bilərdi: “Ola bilər ki, onlar çempionatın daha maraqlı keçməsini istəyirlər. “İnter” “Bakı”nı məğlub etdi, “Qarabağ” bizi. Bu, müəyyən qədər öncədən hazırlanmış ssenaridi. Bizim izləyicilərimizdən daha çox aralanmağımızı istəmirlər. Ramin Musayevin “Qarabağ”a simpatiyası var. Belə də davam edin. Amma onu da bilin ki, bizi məhv etməyə heç kimin gücü çatmayacaq. Biz yenə çempion olacağıq. Əgər danışsam... Yaxşısı budu danışmayım”.
“Neftçi”nin çalışdırıcısı hakimliklə bağlı daha sonra bunları söyləyib: “Hansı oyunda hakimlərin bizə dəstəyini görmüsüz? Mənim buna heç ehtiyacım da yoxdu. Onlar əllərindən gələni etdilər ki, Mitreski ilə Flavinyo “Simurq”a qarşı oynamasın. Amma yaxşı olardı ki, öz simpatiyalarını öz kabinetlərində saxlasınlar. Rəhim kimi hakimlərin mənim taleyimlə oynamasını özümə bağışlaya bilmərəm. Oyunda uduzmaq da olar. Daha bu şəkildə yox”.
Hacıyev həmçinin Mahir Şükürovla İqor Mitreskinin çıxışına da toxunub: “Şükürov yığmanın oyunundan sonra özünə gələ bilmir. Yəqin ki, Foqtsu məndən daha çox sevir. Çünki yığmada olarkən meydanda daha çox can qoyur. Mitreski isə yaxşı müdafiəçidi. O, bizi çox xilas edib. Amma Miteski robot deyil. O da səhv edə bilər”.
