7 aprel 2013 02:35
“Fərdi məqsədlərim var, amma bu, heç vaxt komandanın mənafeyindən üstün ola bilməz”
"Rəvan” – "Sumqayıt” oyunu Topaz Premyer Liqasının 25-ci turunun prinsipial qarşılaşmalarından biridi. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, turnir cədvəli baxımından komandaların qonşu olması gərgin mübarizə vəd edir.
Bu gün saat 17:00-da "Bayıl Arena”da start fiti səslənəcək görüşdə “Rəvan” ümumi qələbə ilə yanaşı, Xuan Manuel Vareanın seriyasının davam etməsinə ümid bəsləyəcək. Çünki argentinalı 3 mənada 3-ə çata bilər.
Birincisi, ötən yay komandanın transfer etdiyi Varea "Sumqayıt”la cari mövsüm artıq baş tutan hər iki oyunda fərqlənib. O, səfər matçında "Rəvan”a qələbə gətirən yeganə qolun müəllifi olmuşdusa, ev oyununda da fərqlənmişdi. Deməli, Xuanın sumqayıtlıları ardıcıl 3-cü oyunda da məyus etmək şansı yaranır. Üstəlik, ikinci "altılığ”ın ilk 2 matçında (Xəzər Lənkəran – 1:0, Turan – 6:2) fərqlənmiş cənubi amerikalı qolçu bu dəfə də adını tabloya yazdıra bilsə, elita oyunlarında ardıcıl 3 matçda fərqlənən 3-cü “Rəvan”lı futbolçu olacaq. İndiyə qədər Nemanya Vidakoviç (28 aprel – 12 may 2012-ci il) və Mindauqas Kalonas (9 – 22 fevral 2013-cü il) dalbadal 3 oyunda qol sevinci yaşaya bilib.
Argentinalı hücumçu bununla bağlı klubun rəsmi saytına maraqlı açıqlamalar verib: "Oyuna hazırlıq çox yaxşı keçdi. Demək olar, oyuna tam hazırıq. Meydana yalnız qələbə üçün çıxacağıq. Düzdü, bu rəqiblə əvvəlki 2 oyunda fərqlənmişəm. Amma indi bunun elə bir önəmi yoxdu. Əsas komanda şəklində yaxşı oynayıb yaxşı nəticə qazanmaqdı. Qol vuracağımı əminliklə deyə bilmərəm. Çünki komanda oyununa üstünlük verirəm. Mən vurmayım, başqası vursun, nə fərqi, təki qalib gələk. Hazırda hər oyunda qələbə qazanmaq daha vacibdi. Əlbəttə, fərdi məqsədlərim də var. Amma bu heç vaxt komandanın mənafeyindən üstün ola bilməz. Qısası, yenə qol vursam, həm özüm, həm də komanda üçün əla olardı. Ancaq sırf qol üçün oynamayacam. Komanda kimi yaxşı oynasaq, şanslarım da öz-özünə yaranacaq”.
