7 aprel 2013 21:07
Əfqan Talıbov: Hər şey maddi durumumuzdan asılıdı
“Turan”ın baş məşqçisi Əfqan Talıbov Topaz Premyer Liqasının 25-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, tovuzluların çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Səfərdə oynamağımız komandaya mənfi təsir edir. Komanda azarkeş dəstəyindən də məhrum olur. Heyətdə çoxlu gənc futbolçularımız var. Gələcəkdə onlara üstünlük verməyə çalışacağıq. Budaq Nəsirov bu gün özünü yaxşı tərəfdən göstərdi. AZAL yaxşı komandadır, pressinqlə oynayır. Heyətində təcrübəli futbolçular var. AZAL-ın qol imkanları bizdən çox oldu. Biz isə yaratdığımız dörd imkandan heç birini reallaşdıra bimədik. Kamal Bayramov zədəli olmasına baxmayaraq çox top çıxardı. Salif Ballo təhlükəli hücumçu olsa da, tək oynamağa çətinlik çəkir, təcrübəsi çatmır. Hər şey maddi durumumuzdan asılıdı, sponsor axtarışındayıq. Stadionumuz düzəldikdən sonra doğma meydanda əsl “Turan” kimi oynayacağıq”.
