9 aprel 2013 18:26
Arşavin Xəzər Lənkərana gəlməyi yox, karyerasını bitirməyi düşünür
İngiltərənin “Arsenal” klubunun və Rusiya millisinin sabiq hücumçusu Andrey Arşavin haqda gözlənilməz xəbər yayılıb. Azerisport.az xəbər verir ki, İngiltərə mətbuatı indi də Arşavinin bu yay futbolçu karyerasını başa vuracağını iddia etməyə başlayıb.
Qeyd edək ki, Arşavinin “Arsenal”la müqaviləsinin müddəti bu mövsümün sonunda bitir. London təmsilçisi əsas heyətdə yerini itirən rus oyunçuya yeni müqavilə təklif etmək niyyətində deyil. Futbolçuya yaxın mənbələr bildirib ki, əgər nüfuzlu klublardan təklif olarsa, 31 yaşlı oyunçu karyerasını davam etdirəcək. Amma hələlik belə bir təklif yoxdur.
Maraq üçün bildirək ki, bu yaxınlarda İngiltərə və Rusiya mətbuatı Azərbaycanın “Xəzər Lənkəran” klubunun Arşavini transfer etmək istədiyini yazıb. Lakin “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov bu xəbərləri təkzib edib.
