10 aprel 2013 19:02
Seriyanı davam etdirmək üçün
"Rəvan” Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində aprelin 12-də "Kəpəz”i qonaq edəcək. Azerisport.az xəbər verir ki, saat 17:00-da başlayacaq oyun "Bayıl Arena”da keçiriləcək.
Gündə 1 dəfə olmaqla məşq edərək görüşə hazırlıqlarını davam etdirən komandada yüksək əhval-ruhiyyə hökm sürür. Ard-arda qazanılan 3 qələbə futbolçulara da yaxşı mənada təsir edib. İndi onlar yalnız qələbə seriyasını davam etdirmək barədə düşünür. Bunun üçün isə həftənin cümə günü Gəncə təmsilçisini üstələmək lazımdı.
O komandanı ki, “Rəvan” indiyə qədər 6 dəfə görüşüb və 2 dəfə meydanı qalib qismində tərk edib. Maraqlıdır ki, komandalar indiyə qədər öz aralarında heç-heçə etməyiblər. Qələbə sayında "Kəpəz” üstün olsa da, topların nisbətində bakılıların üstünlüyü var – 11:9.
Ümumiyyətlə, son 4 ev oyununun 3-də, son 7 matçının 5-də qələbə qazanan "Rəvan”dan fərqli, rəqib hazırda çətin günlərini yaşayır. Autsayder Premyer Liqada son 8 səfər oyununun hamısında məğlub olub. Üstəlik, gəncəlilər çempionatda 18 oyundu 3 xala həsrətdi.
