10 aprel 2013 11:46
Vüqar Əsgərov: Yığmanın indiki hücumçuları haqda pis nəsə deyə bilmərəm
Latviyanın “Metallurg” klubunun azərbaycanlı hücumçusu Vüqar Əsgərov bir neçə gün öncə ölkə çempionatının yeni mövsümündə ilk qolunu vurdu. Riqa “Dauqava”sı ilə qarşılaşan həmyerlimizin komandası Vüqarın qoluna sevinə bilmədi və qarşılaşmanı məğlub başa vurdu – 1:2.
Vaxtilə millimizə çağırılan futbolçu azerisport.az saytına müsahibəsində bu və digər məqamlarla bağlı fikirlərini açıqlayıb: “Bu məğlubiyyətimizdə gözlənilməz heç nə yoxdu. Riqa klubu özünə yeni sponsor tapıb və bunun nəticəsində heyətini yetərli dərəcədə gücləndirib. Bu üzdən də “Metallurg” bu matçın aşkar favoriti deyildi. Təəssüf ki, heç-heçəyə də nail ola bilmədik. Qarşıdakı turda bizi “Ventsplis”lə derbi gözləyir. Bu oyuna köklənməyə çalışırıq”.
Ötən mövsüm az forma şansı qazanan Əsgərov cari mövsümün geridə qalan iki turunda əsas heyətdə meydana çıxıb və hətta son görüşdə 90 dəqiqə mübarizə aparıb. Elə isə görəsən dövrələrarası fasilə zamanı həmyerlimizin komandasında nə dəyişib?
“Komandada nə dəyişib? Yəqin ki, bu, baş məşqçi dəyişikliyi ilə əlaqədardı. Mənim oyun üslubum indiki baş məşqçimiz Yanis İnterberqsin ürəyincədi. Əvvəlki baş məşqçi Dmitri Kalaşnikovdan fərqli olaraq, mənə güvənir. Öz oyunumu şərh etməyəcəm. Hücumçunun işi qol vurmaqdı. Latviya Kubokunda meydana sonradan çıxdım, qol vurdum. Çempionatın ilk turunda qol ötürməsi etdim. Son turda isə yenə qol vurdum. Ümid edirəm ki, bundan sonrakı oyunlarda da komandama kömək edə biləcəm”.
Əsgərov daha sonra bunları dilə gətirib: “Hazırda mənim bütün fikirlərim baş məşqçinin etimadını doğrultmağa yönəlib. Çünki uzun müddət oynamırdım. Yığmaya da axırıncı dəfə ötən ilin may ayında çağırılmışam. Yayda demək olar ki, meydana çıxmamışam. Lakin artıq bütün bu çətinlikləri geridə qoymuşam və bundan sonrakı hər matçda özümü isbatlamaq fikrindəyəm. Hiss edirəm ki, əvvəlki formamı bərpa edirəm. Bu cür də davam edəcəm. İnanıram ki, hər şey yaxşı olacaq. Bizə Latviya Kubokunun finalına çıxmaq çox vacibdi. Əgər buna nail ola bilsək, yayda Avropa Liqasında mübarizə apara bilərik”.
Vüqar yığma mövzusundan da yan keçməyib: “Yatıram və yuxumda görürəm ki, məni Azərbaycan yığmasına çağırırlar. Yenidən milliyə qayıtsam, bütün gücümü qoymağa hazıram ki, komandamıza kömək edim. Millinin indiki hücumçuları haqda pis heç nə deyə bilmərəm. Əgər Berti Foqts onları yığmaya çağırırsa, deməli, yaxşı futbolçulardılar”.
