12 aprel 2013 00:15
Zirvə mücadiləsinə davam
Bu həftə Topaz Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, final mərhələsinin 4-cü turunda ilk “altılıq” komandaları eyni gündə meydana çıxacaq.
İkinci “altılıq”da isə oyunlar 3 gün ərzində baş tutacaq. Elə turun açılış matçında da məhz elitada qalmaq uğrunda mübarizə aparan kollektivlər qarşılaşacaqlar. Belə ki, “Rəvan” sonuncu pillədə qərarlaşmış “Kəpəz”i qəbul edəcək. 7-ci dəfə qarşılaşacaq rəqiblər indiyədək heç-heçə etməyiblər. Qələbə sayında üstünlüyə malik “Kəpəz” top fərqində rəqibindən geri qalır. “Rəvan”ın meydanında baş tutan qarşılaşmalarda hər 2 komanda qol sevinci yaşayır. Son dövrlər ardıcıl darmadağınlara sevinən “aslanlar”ın bu dəfə oxşar aqibəti Gəncə təmsilçisinə də yaşatması istisna deyil. Baxmayaraq ki, ilk dövrədə baş tutan “Rəvan” – “Kəpəz” matçında Gəncə klubu 2:1 hesabıyla üstün olmuşdu. Amma təsnifat mərhələsindəki digər oyunda “Rəvan” 2 cavabsız qolla qalib gəlmişdi.
İkinci oyun günündə dörd qarşılaşma baş tutacaq. Çempionatın digər autsayderi “Turan” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək. “Xəzər Lənkəran” artıq 18 dəfə qarşılaşacağı “Turan”la matçlarda böyük üstünlüyə malikdi. Cənublular son 13 matçda rəqib qapısına yol tapıblar. “Turan”ın meydanı qol buraxmadan tərk etdiyi son görüş 7 il əvvələ təsadüf edib. “Turan” bu mövsüm “Xəzər Lənkəran”ı 2:1 hesabıyla məğlub etməyi bacarıb. Amma “ağ-yaşıllar” “Turan”dan qisasını 4:2 hesablı qələbə ilə alıb. Con Toşakın rəhbərliyi altında ilk qələbəsini ötən tur qazanan cənublular növbəti zəfərini rəsmiləşdirmək ümidindədi. Lakin Tovuz klubu da son uğursuzluqları unutdurmaq üçün mütləq qələbə qazanmalıdı.
İlk altılıq çərçivəsində “Qəbələ” doğma divarlar arasında “Bakı” ilə qarşılaşacaq. “Bakı” 19-cu dəfə qarşılaşacağı “Qəbələ” ilə matçlarda böyük üstünlüyə malikdi. Bu duellərlə bağlı maraqlı məqam ondan ibarətdi ki, paytaxt təmsilçisinin səfər oyunlarında ən yaxşı halda komandalardan biri fərqlənir. Əvvəlki 9 matçda hesab açılıbsa, ilk qolu vuran komanda quru qələbə qazanıb. İlk dövrədə “Qəbələ” ev oyununda “zolaqlılar”a 2 cavabsız qolla uduzmuşdu. Bakıdakı görüşdə isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Komandalar demək olar ki, son şanslarını sınayırlar. Məğlub olacaq komanda artıq medal qazanmaq ümidlərinin üstündən tam şəkildə xətt çəkmiş olacaq. Baxmayaraq ki, qalib gələn komandanın da ciddi uğur qazanacağını demək olmaz.
Turun ən maraqlı görüşlərindən biri Zaqatalada keçiriləcək. Burda “Simurq” son çempion və lider “Neftçi”ni qəbul edəcək. “Neftçi” 15-ci dəfə görüşəcəyi Zaqatala təmsilçisi ilə matçların aşkar favoritidi. Bakılılar son 6 qarşılaşmanı qələbə ilə başa vurublar. Üstəlik “Simurq” öz meydanında qələbəyə həsrətdi. İlk dövrədə Bakıda keçirilən oyunda meydan sahibləri 2:1 hesabıyla üstün olmuşdularsa, Zaqataladakı görüşdə də “Neftçi” 3 xalı 2 cavabsız qolla əldə etmişdi. Paytaxt klubu son turda “Qarabağ”a qalmaqallı şəkildə uduzduğundan, bu görüşdən mütləq qalib ayrılıb, olub-keçənləri unutmaq istəyir. Amma bu, heç də asan olmayacaq. Çünki komandanın Flavinyo, İqor Mitreski, Araz Abdullayev kimi aparıcı futbolçuları oynamayacaqlar. Digər tərəfdən “Simurq” da meydana uduzmaq üçün çıxmayacaq. Zaqatala klubu doğma meydan amilindən yararlanıb, mütləq son uğursuzluqları unutdurmağa çalışacaq.
Turun mərkəzi görüşündə isə “Qarabağ”la “İnter” üz-üzə gələcək. Turun ən çox qarşılaşan cütü 34-cü dəfə üz-üzə gələcək. “Qarabağ” əvvəlki matçlarda üstünlüyə malikdi. Bundan başqa “İnter” son 9 səfər matçında qələbəyə həsrət qalıb. Cari mövsüm baş tutan görüşlərdən də biri 1:1, digəri isə 0:0 hesabıyla başa çatıb. Bu üzdən də tərəflərin mütləq qələbə qazanmağa çalışacağı şübhəsizdi. “Bankirlər”ə bu mənada növbəti heç-heçə də sərf edə bilər. Çünki ikinci pillədə qərarlaşan paytaxt klubu ən azı mövqeyini qorumaq iddiasındadı. Mümkün qələbə isə həm bu komandanın “Qarabağ”dan aralanmasına şərait yaradacaq, həm də liderlik şansı yaradacaq. Təbii ki, bunun üçün “Neftçi”nin Zaqataalada büdrəməsi şərtdi. Ağdam klubu da qələbə qazanmaqda çox israrlıdı. Çünki bu qələbə “Qarabağ”a nəinki “İnter”i, hətta “Neftçi”ni də qabaqlayıb, lider olmaq şansı yaradacaq.
Bazar günü keçiriləcək turun qapanış matçında isə “Sumqayıt” AZAL ilə münasibətlərinə aydınlıq gətirəcək. Son 4 matçda AZAL-a uduzmayan “Sumqayıt” ümumi balansda da üstünlüyə malikdi. Bakılılar bu rəqibi ilə bütün matçlarda qol buraxıblar. Cari mövsümdə keçirilən oyunlardan da biri 2:2, digəri isə 1:1 hesabıyla başa çatıb.
Topaz Premyer Liqası
26-cı tur
12 aprel
12 aprel
17:00. Rəvan - Kəpəz
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. Bayıl Arena.
13 aprel
15:00. Qəbələ – Bakı
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ. Şəhər stadionu.
17:00. Qarabağ – İnter
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
17:00. Turan – Xəzər Lənkəran
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. Dalğa Arena.
18:00. Simurq – Neftçi
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala. Şəhər stadionu.
14 aprel (bazar)
17:00. Sumqayıt – AZAL
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. Bayıl Arena.
| 1 | Neftçi | 25 | 15 | 3 | 7 | 50 | 27 | +23 | 48 |
| 2 | İnter | 25 | 13 | 8 | 4 | 28 | 15 | +13 | 47 |
| 3 | Qarabağ | 25 | 12 | 9 | 4 | 33 | 21 | +12 | 45 |
| 4 | Simurq | 25 | 10 | 10 | 5 | 27 | 17 | +10 | 40 |
| 5 | Bakı | 25 | 7 | 13 | 5 | 27 | 18 | +9 | 34 |
| 6 | Qəbələ | 25 | 9 | 6 | 10 | 28 | 31 | –3 | 33 |
| 1 | AZAL | 25 | 9 | 9 | 7 | 38 | 27 | +11 | 36 |
| 2 | XL | 25 | 8 | 8 | 9 | 35 | 30 | +5 | 32 |
| 3 | Rəvan | 25 | 9 | 4 | 12 | 33 | 38 | –5 | 31 |
| 4 | Sumqayıt | 25 | 7 | 7 | 11 | 25 | 42 | –17 | 28 |
| 5 | Turan | 25 | 6 | 5 | 14 | 26 | 47 | –21 | 23 |
| 6 | Kəpəz | 25 | 2 | 4 | 19 | 14 | 51 | –37 | 10 |
Bombardirlər:
21 - Nikolas Kanales (Neftçi)
14 - Franko Nildo (AZAL)
11 - Xuan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Zohair Benuahi (AZAL)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Zohair Benuahi (AZAL)
7 - Baçana Sxadadze (İnter).
