12 aprel 2013 01:23
229-cu oyuna 195 qol
Topaz Premyer Liqasının 25-ci turunda “Simurq” “Qəbələ”nin qonağı oldu. Azerisport.az xəbər verir ki, Zaqatala klubu hesabda 1:0 geri olduğu matçın son dəqiqələrində bərabərlik topunu vuraraq səfərdə vacib bir xal qazandı.
Bu qarşılaşmada Tomislav Buşiç “sarı-qaralı” forma ilə rəsmi oyunda vurduğu ilk qolla yadda qaldı. Xorvatiyalı futbolçu həmçinin “Simurq”un Premyer Liqadakı 195-ci qolununda müəllifi oldu.
Zaqatala təmsilçisi mübarizəyə qoşulduğu ildə ilk qolunun müəllifi 28.09.2005-ci ildə “Simurq” – “ABN – Bərdə” matçında Elmar Xeyirov vurub. Premyer Liqada isə bu komandanın qol hesabını açan futbolçu Elmar Sultanov olub. O, 11.08.2006-ci ildə səfərdə “Gənclərbirliyi” ilə keçirilən görüşdə fərqlənməklə adını “Simurq”un tarixinə yazdırıb.
Komandanın yüksək dəstədə 50-ci qolunu isə 16.03.2008-ci ildə “Simurq” – “Gəncə” (3:0) oynunda penaltidən David Bolkvazde vurub. 100-cu qol isə “sarı-qaralar”ın tarixində ən çox fərqlənən futbolçu Vladimir Mazyarın adı ilə bağlıdı. Ukraynalı 12.05.2007-ci ildə “Simurq” doğma azərkeşlər önündə “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdiyi görüşdə buna imza atmağı bacarmışdı. Premyer Liqada isə 100-cü qolun müəllifi Ruslan Qunçak olub. O, 12.09.2009-cu ildə “Bakı” – “Simurq” (2:2) görüşündə fərqlənməklə tarixə düşüb. Bu görüşdə Elşən Məmmədov həmçinin Zaqatala təmsilçisinin ümumilikdə 200-cü qoluna imza atıb. Ötən mövsüm isə Tofiq Mikayılov “Simurq”un 30.09.2011-ci tarixində keçirilən “Neftçi” ilə qarşılaşmada Premyer Liqadakı 150-ci qolunun müəllifi olub.
Qeyd edək ki, “Simurq” indiyə qədər Premyer Liqada 229 oyun keçirib. Növbəti turda “Neftçi” ilə görüşəcək komanda yubiley qarşılaşmasına çıxacaq. Bu matç baş məşqçi Georgi Çixradze üçün də xüsusi önəm daşıyır. Gürcüstanlı mütəxəssis turnir cədvəlinin hazırkı lideri ilə görüşdə “Simurq”u 35-ci Premyer Liqa oyununa çıxaracaq.
