11 aprel 2013 13:29
Yığmamız FİFA reytinqində gerilədi
FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda geriləyib.
Belə ki, Berti Foqtsun çalışdırdığı komandamız 116-cı pillədən 120-yə düşüb. Komandamızın hesabında hazırda 276 reytinq xalı var. Yəni, ötən ayla müqayisədə millimizin reytinq xalından da -10 xal geriləmə var.
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq. Bu komanda dörd pillə irəliləyib və hazırda 182 xalla 147-ci yerdə gedir. Şimali İrlandiya 22 pillə geriləyib. İrlandlar hazırda 285 xalla yığmamızdan bir pillə öndə 119-cu sırada qərarlaşıblar. Portuqaliya iki pillə önə keçib – 1163 xalla beşinci. Rusiya isə bir pillə geriləyib və 1052 xalla 11-cidi. İsrail isə 16 pilləlik sıçrayışa nail olub. Bu ölkənin millisi 536 xalla 58-ci yerdə gedir.
Reytinq siyahısının ilk onluğunda isə vəziyyət belədi: 1. İspaniya (1538 xal), 2. Almaniya (1428), 3. Argentina (1292), 4. Xorvatiya (1191), 5. Portuqaliya (1163), 6. Kolumbiya (1154), 7. İngiltərə (1135), 8. İtaliya (1117), 9. Hollandiya (1093), 10. Ekvador (1056).
Qeyd edək ki, növbəti reytinq cədvəli mayın 9-da açıqlanacaq.
