11 aprel 2013 14:45
Çempionatımızın bombardiri mükafatlandırıldı (FOTOLAR)
U-15 qızlar Liqasının 2011/2012-ci il mövsümünün bombardiri, "Fidan" komandasında çıxış edən Leyla Ağayeva AFFA tərəfindən mükafatlandırılıb. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyevin, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Patrisia Qonzalesin və AFFA-nın təşkilatçılığı ilə Bakıda keçirilən UEFA seminarının iştirakçılarının qatıldığı tədbir Leyla Ağayevanın təhsil aldığı Nizami rayonundakı 201 saylı orta məktəbdə təşkil olunub.
Məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə U-19 qızlar yığmasının baş məşçisi Patrisia Qonzales çıxış edərək qalibə təbriklərini çatdırıb və qadın futbolunun təbliği baxımından belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Sonra P.Qonzales AFFA-nın hədiyyələrini Leyla Ağayevaya təqdim edib.
201 saylı orta məktəbin direktoru Süsən Salmanova çıxış edərək tədbirin təşkili ilə əlaqədar AFFA-ya minnətdarlığını bildirib.
