11 aprel 2013 16:48
UEFA İdman Azərbaycanla Az.TV-ni üzdü, İTV-ni sevindirdi
UEFA AÇ-2016-nın, eləcə də DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələ oyunlarının teleyayım hüququ ilə bağlı yeni qərar qəbul edib. Azerisport.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun baş katibi Canni İnfantino məlumat verib.
O, bəyan edib ki, UEFA sözügedən turnirlərin yayım hüququnu Avropa Yayım İttifaqına (EBU) verib. Tərəflər arasında bağlanılan müqaviləyə görə, Avropa Yayım İttifaqı AÇ-2016 və DÇ-2018-in seçmə mərhələ oyunlarının İctimai telekanallarla yayımını tam şəkildə təmin etməlidi. Lakin Avropa Yayım İttifaqı yalnız 30 ölkə ilə əməkdaşlıq edə bilir ki, onlar da aşağıdakılardı: Avstriya, Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya, Macarıstan, Gürcüstan, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, Estoniya.
Göründüyü kimi, milli komandamızın ev və səfər oyunlarını yayımlamaq hüququnu EBU-dan ala biləcək ölkələr arasında Azərbaycan da var. Bu isə o deməkdir ki, artıq növbəti seçmə mərhələdə yığmamızın ev və səfər qarşılaşmaları İctimai Televiziya (İTV) vasitəsi ilə yayımlanacaq. Halbuki, komandamızın DÇ-2014-ün seçmə mərhələsindəki oyunları “İdman Azərbaycan” və AzTV kanalları ilə yayımlanır. Dövlət televiziyalı yeni qanuna baxmayaraq, cari seçmə mərhələnin oyunlarını göstərməyə davam edəcəklər.
