11 aprel 2013 17:24
İTV: Yığmanın oyunlarını yayımlamaqda öncədən də maraqlı idik
İctimai Televiziyanın (İTV) idman şərhçisi Tural Dadaşov futbol üzrə Azərbaycan yığmasının AÇ-2016 və DÇ-2018-in seçmə mərhələsindəki oyunlarının yayım hüququna yiyələnmələrinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“UEFA və Avropa Yayım İttifaqı arasında imzalanan müqaviləyə əsasən, milli komandaların seçmə mərhələ oyunları quruma üzv olan 30 ölkənin İctimai Televiziyaları vasitəsilə yayımlayacaq. İctimai Televiziya və Radio Yayımları Şirkəti Avropa Yayım İttifaqının Azərbaycanda həm yeganə, həm də tam hüquqlu üzvüdür. Belə olan halda, yayım avtomatik bizim öhdəçiliyimizə düşür. Bu, təbii ki, bizim üçün böyük bir şərəfdi. Bu, həm də onu göstərir ki, UEFA futbolun populyarlaşmasında daha çox maraqlıdı. Yəni ancaq öz xeyrini güdmür”.
“Millinin oyununu yayımlamağı hər bir telekanal istəyər. Bizim də indiyədək böyük beynəlxalq layihələrimiz olub. Bildiyiniz kimi, bütün Olimpiya Oyunları Azərbaycanda yalnız bizim kanalda yayımlanır. Təbii ki, bu cür nüfuzlu yarışların sırasında millimizin də oyunlarının olmağını arzulayırdıq. Bunu gizlətmirəm. Çünki milliyə maraq həddindən artıq böyükdü və ona görə də yayımla maraqlanmağa başlamışdıq. Ötən il Azərbaycanda keçirilən 17 yaşadək qızlardan ibarət yığmalarının dünya çempionatının final mərhələsinin eksklüziv yayım hüququ bizdə idi. Düzdür, bu yığmalar arasında fərq olsa da, istənilən halda, təcrübə var. Çalışacağıq ki, yayım maksimum yüksək səviyyədə olsun. Yeniliklər etməyə çalışacağıq ki, yığmanın oyunlarına baxmaq daha maraqlı alınsın”.
