13 aprel 2013 13:23
Gürcüstan, Azərbaycan və Qazaxıstanın birgə çempionatının təşkilinə 50 milyon dollar lazımdı
Xəbər verdiyimiz kimi, Gürcüstan və Azərbaycan futbol federasiyaları birgə futbol çempionatı təşkil etmək və ona Qazaxıstanı da cəlb etmək niyyətindədi. Azerisport.az xəbər verir ki, bu barədə iddianı ilk olaraq Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava bəyan etmişdi.
Onun sözlərinə görə, bu barədə qərar yaxın həftələrdə qəbul olunacaq: "Bu məsələ artıq Azərbaycan Futbol Federasiyası ilə müzakirə olunub və razılaşdırılıb. Qazaxıstan Federasiyasının prezidenti ilə danışıqlar isə Tiflisdə onun da qatılacağı futzal üzrə Çempionlar Liqasının final yarışı zamanı aparılacaq. Bu ideya futzal üzrə final yarışına gələcək UEFA prezidenti Mişel Platini ilə də müzakirə olunacaq. Bu, çox perspektivli ideyadı və mən bilirəm ki, UEFA-da belə maraqlı ideyalar dəstəklənir. Biz tez bir zamanda öz layihəmizi hazırlayıb, UEFA-ya təqdim etməliyik. Rusiya və Ukrayna artıq öz layihələrini qitə futbol qurumuna təqdim ediblər. Biz də bunu etməliyik”.
Bu arada Siçinava üç ölkə klubları arasında keçirilməsi nəzərdə tutulan çempionatın təxmini büdcəsi barədə də açıqlama verib. Onun sözlərinə görə, bu layihənin gerçəkləşməsi üçün 50 000 000 ABŞ dollarına ehtiyac var.
