15 aprel 2013 16:43
Bayramov 70-ci oldu
Premyer Liqanın 26-cı turu çərçivəsində keçirilən “Qarabağ” - “İnter” matçı bir sıra maraqlı statistik göstəricilərlə də yadda qaldı. Azerisport.az xəbər verir ki, bu oyunda qol vurmuş Fuad Bayramov Azərbaycan çempionatlarının tarixində fərqlənən “İnter”in sayca 70-ci futbolçusu oldu.
Xatırladaq ki, Azərbaycan Çempionatında “İnter”in ən yaxşı bombardiri aktivində 28 qol olan uruqvaylı Valter Quqlemondu. 22 qolla Xaqani Məmmədov ikincidisə, 17 topun müəllifi olan Robertas Poşkus üçüncüdü.
Hazırda “İnter”in heyətində çıxış edən futbolçular arasında ən çox qol Baçana Sxadadzenin aktivindədi -15. Gürcü forvardı 14 qolla Petar Zlatinovu izləyir. Vladimir Levinin və Nizami Hacıyevin aktivində 11 qol var.
Qeyd edək ki, 2004-cü ildən etibarən “İnter” çempionat çərçivəsində 258 oyun keçirib. Komanda bu oyunlarda 141 qələbə əldə edib, 70 heç-heçəyə imza atıb və 47 məğlubiyyətlə barışıb. Bu qarşılaşmalarda “İnter” 359 dəfə rəqib qapısından top keçirib və 174 top da qapısından buraxıb.
