16 aprel 2013 13:28
Hakimi təhqir edən futbolçu dörd oyunluq cəza aldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Rəvan” – “Kəpəz” matçında “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qəbələ” – “Bakı” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Turan” – “Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində “Turan”ın futbolçusu Cəlal Cəlalzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Sumqayıt” – AZAL matçının 77-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Eldar Cankişiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
