17 aprel 2013 19:15
Bojidar Bandoviç: Biz bunu yalnız ikinci hissədə bacardıq
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Azərbaycan Kubokunun “Xəzər Lənkəran”a qarşı keçirilmiş ilk yarımfinal matçını şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Qalib gəldiyimiz üçün şadam. Komandam yaxşı oynadı. Rəqib meydana 3-5-2 taktiki sxemi ilə çıxmışdı. Bu da bizim müdafiə xətti üçün müəyyən çətinliklər yaratdı. Bu cür oynayan komandaya qarşı səbrli olub, tez-tez hücum cinahlarını dəyişmək lazımdır. Biz bunu yalnız ikinci hissədə bacardıq. Qol imkanlarımız çox oldu, rəqib qapısına doğru vurduğumuz 20-yə yaxın zərbədən 9-u qapı çərçivəsinə düşdü. Qarşıda cavab oyunumuz var. Gənc məşqçi olaraq Con Toşaka qarşı mübarizə aparmaq çox gözəldir. Ona yeni işində uğurlar arzu edirəm. Fikrimcə, komandaya uyğunlaşmaq üçün zamana ehtiyacı var”.
